Dəm qazından buna görə boğulurlar? - XƏBƏRDARLIQ

Martın ilk 10 günündə Azərbaycanda evlərdə 28 nəfər dəm qazından zəhərlənib, onlardan 17-si vəfat edib.
Bəs insanlar nələrə diqqət etməlidirlər ki, dəm qazından boğulub ölməsinlər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirdi ki, qaz təsərrüfatı olan yerdə təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır:
"Qazın mütləq təhlükəsiz istismarını həyata keçirmək lazımdır ki, bədbəxt hadisənin baş vermə riski minimuma ensin və olmasın. Qaz düzgün istismar olunmadıqda dəm qazına səbəb olur, özündən kifayət qədər təhlükə əks etdirir. Mütləq həm dəm qazı əleyhinə, həm də qaz sızması əleyhinə dedektorlar olmalıdır. Dəm qazı əleyhinə olan dedektor dəm qazı əmələ gəldiyi zaman xüsusi səs siqnalı vasitəsilə məlumatlandırma edir. Vətəndaşın bundan xəbəri olur və bunun qurbanına çevrilməkdən qorunmuş olur. Qaz sızması əleyhinə olan dedektor da eyni qaydada fəaliyyət göstərir. Bədbəxt hadisənin baş verməsinin qarşısı alınır. Buna görə mütləq bu məsələlərə diqqət etmək lazımdır".
Ekspert qeyd etdi ki, qaz cihazlarına hər hansısa kənar müdaxilə etmək təhlükəsizlik baxımından yolverilməzdir.
"Mütləq ixtisaslaşmış müəssisə tərəfindən təmir, yerdəyişmə işləri həyata keçirilməlidir. Qeyri-metal borularla qaz cihazını bir otaqdan digər otağa çəkmək təhlükəsizlik baxımından yolverilməzdir. Qaz cihazı olan otaqda mütləq kifayət qədər hava olmalıdır. Qazın yanması üçün oksigen tələb olunur. Əgər otaqda oksigen olmazsa, yanma prosesi pozulacaq, dəm qazı əmələ gəlmə riski yaranacaq. Otaqda ventilyasiya, havalandırma olmalıdır. Təhlükəsizlik tədbirləri həyata keçirildikdə bədbəxt hadisələrin qarşısı alınır. Dəm qazı əsasən hamam otaqlarında yaranır. Hamam otağında qaz cihazı olması təhlükəsizlik baxımından məqsədəuyğun deyil. Ancaq quraşdırılıbsa, tüstü-baca işlək olmalı, normativ standartlara uyğun olaraq qurulmalıdır, nəfəslik və ventilyasiya olmalıdır", - deyə R.Nurəliyev bildirdi.
Aytəkin TOFİQQIZI