Avtobuslar niyə dayanacaqlarda saxlamır? - PROBLEM

 18:10 13.03.2025     144

Paytaxt sakinlərinin tez-tez üzləşdiyi problemlərdən biri də avtobus sürücülərinin bəzən dayanacaqlarda saxlamamasıdır. Avtobusdakı sərnişinlər etiraz etdikdə isə sürücünün bir bəhanəsi olur: "Stop" düyməsini sıxardın. Həmçinin bəzən sürücülər dayanacaqda sərnişin gözləməsinə baxmayaraq, avtobusu saxlamadan yoluna davam edir.

Sürücülər niyə dayanacaqda saxlamır? Bu zaman onlara qarşı hansı cəza tədbirləri görülür?

Mövzu ilə bağlı Redaktor.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərib. Sorğuya cavab olaraq bildirildi ki, marşrut avtobusları tərtib olunmuş hərəkət sxemi üzrə fəaliyyət göstərir.

"Marşurut avtobusları onların xətt üzrə təyin olunmuş dayanacaq məntəqələrində saxlamaqları təmin edilir. Tərəfimizdən marşrut avtobuslarının daşıyıcılarına sürücülərin sərnişindaşıma qaydalarına əməl edilmələrinə nəzarətin gücləndirilməsi, marşrutun hərəkət sxemi üzrə təyin olunmuş dayanacaq məntəqələrində dayanmalarının vacibliyi vurğulanıb", - deyə  AYNA-nın cavabında deyilir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov saytımıza bildirdi ki, bu haqda sərnişinlər xəbərdarlıq etməlidirlər.

"Hər hansısa daşıyıcı şirkətin avtobus sürücüsü əgər avtobusda yer varsa, saxlamaq imkanı varsa, dayanacaqda saxlamırlarsa, bu zaman sərnişinlər "qaynar xətt"ə zəng edib, bununla bağlı şikayət etməlidirlər. Əminəm ki, bu kimi şikayətlərə baxılar. Bu haqda məlumat verilməlidir ki, tədbirlər görülsün", - deyə ekspert bildirdi.

Aytəkin TOFİQQIZI