"Biz Leyli və Məcnun deyilik ki, dəli olaq, çöllərə düşək"" - Şeyx Əbdül

 17:46 13.03.2025     80

"Hər şeyin bir səbəbi var. Xəstəliyin səbəbini bilmədən, diaqnozu qoyulmadan xəstəliyi müalicə etmək gülüncdür".

Bu fikirləri Redaktor.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Azərbaycanda günü-gündən artmaqda olan boşanma səbəblərindən danışarkən bildirdi.

"Boşanmaların konkret olaraq bir səbəbi var. Bu da sosial problemlərdir. İnsanların maddi halı, güzəranı, ev-eşiyi normal olsa, kommunal xərcləri vaxtında verə bilsə, ailəsinə lazımı səviyyədə təminat versə, kim boşanar? Adam istəyər ki, 10-15 uşağı olsun. Əsas məğzi kənara qoymuşuq, hələ bir bəhanə danışırıq. Əsas fikirdən yayınırıq. İlk növbədə, sözsüz ki, bu eşq, məhəbbət hamısı ötəri şeylərdir. Hər şey məişətlə, güzəranla, dolanışıqla bağlıdır. Biz “Leyli və Məcnun” deyilik ki, dəli olaq, dağlara, çəmənlərə düşək. Bunlar ədəbiyyatdır. Bu gün bir neçə faiz təsadüfi şeylər var. Valideynlər istəyir ki, qızı normal kişiyə ərə getsin. Oğlan tərəf özünə güzəran axtarır ki, normal qız tapsın. Bunlar barmaqla sayılası hadisələrdir. Kütləvi şəkildə boşanmanın əsas səbəbi sosial problemlərdir.

Bu hala münasibət bildirənlərdən xahiş edirəm ki, fikri yayındırmasınlar. Konkret səbəbi desinlər, deyə bilmirlərsə, müsahibə verməsinlər. Müsahibə verib, cəfəngiyyat danışmasınlar. Sən demə, oğlanın evi yox imiş. İnsanlar evlənəndə bir-birləri ilə tanış olurlar. Bilirlər ki, bunun evi, maşını var, ya yox. Bunların hər biri proses vaxtı bilinir. Sən demə, oğlan işsiz imiş. İşsiz idisə, niyə gedirdin?Bunlar hamısı bəhanədir. Dövlət səviyyəsində sosial təminat olarsa, boşanmalar olmaz, sağlam bir cəmiyyət formalaşdırarıq", - deyə Xalq artisti vurğuladı.

Aytəkin TOFİQQIZI