"Sənayenin coğrafiyasını bölgələrə keçirməsək, paytaxtda sıxlıq azalmayacaq"

 17:49 14.03.2025     180

"Neft hasilatının azalmasının qarşısını almaq üçün prezidentin tapşırığı ilə Baş nazirin rəhbərliyi ilə keçirilən müşavirələr böyük nikbinlik yaradır. İndi dünya enerji bazarında qiymətlər tədricən düşür. Ötən il neft gəlirlərimiz 1.65 miliyard dollar azalıb, lakin qazın hasilatı və ixracı itkiləri müəyyən qədər qarşılayır. Digər tərəfdən, əsas strateji sərvətimizi emal edən zavodda 5 martda baş verən yanğının üzə çıxardığı vəziyyət narahatlıq doğurur. Söhbət ildə 6 milyon tona yaxın neftin emalından və daxildə sənayedə, yaxud vətəndaşlar tərəfindən istehlakından gedir. Dövlət Təhlükəsizlik Orqanlarının hərtərəfli araşdırmaları belə bir inamı yaradır ki, Hökumət neft sektorundakı prosesləri tam nəzarətdə saxlayır".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü iclasında Nazirlər Kabinetinin ötən il üzrə hesabatının müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, sənəddə sənaye məhsulunun 83 faizinin Bakıda istehsal olunduğu qeyd edilib:

"Başadüşləndir, söhbət neftin 278 illik hökmranlığından gedir. Sənayenin coğrafiyasını bölgələrə keçirməsək, əhalinin paytaxtın əmək, mənzil və nəqliyyat sferasında sıxlığı azalmayacaq".

Zahid Oruc qeyd edib ki, Texnofestə heç bir inzibati qərar olmadan 100 minlərlə gənc qatıldı.

"Deməli, səlcuq bayraqdarlar millətimizin içərisində var. Yetər ki, startaplara meydan verilsin. Elm Fondunun vəsaitləri 2010-cu ildəki 7 milyondan, ötən ilki 3 milyona qədər azalıb, üstəlik, illərdir yarısı geri qayıdır. Halbuki 100-lərlə gənc rəqəmsal biliklərə malikdir və pilotsuz Akınçıları-Əkinçiləri özləri yarada bilərlər. Biz iqtisadi, siyasi suverenliyi qazanmışıq, texnoloji suverenlik də hədəfimiz olmalıdır.

İki tədqiqat əsaslı universitet yaradılmasına dair fərmanın vaxtı 2026-cı ildə başa çatır. OCED ölkələrində əhalinin 1000 nəfərinə düşən alim və tədqiqatçıların sayı 10-dan yuxarıda olduqda ölkə inkişaf etmiş sayılır. Sual sadədir: hökumət ixtisaslı kadrları haradan alır? Qarabağdan sonra ən böyük milli hədəfimiz peşəkar kadr məsələsi ola bilər. ABŞ-də yaradılan Hökumətin Effektivliyi Departamenti inqilabi qərarları-kütləvi ixtisarları, işçilərin hər həftə hesabat verməsini və bürokratik sistemi zəiflətməyi ona görə bacarır ki, əmək bazarında təklif tələbi 3 dəfə üstələyir. Lakin ölkəmizdə ixtisaslı kadrlara ehtiyac neft hasilatının azalması və birjalarda dəyişən enerji qiymətlərini kompensə edə biləcək yeganə resurs ola bilər", - deyə millət vəkili bildirib.

Turan ASLAN