"Nikah müqaviləsi məcburi olsa, kim kimə nə apardı, nə gətirdi davası uzun çəkməz"

 13:00 18.03.2025     209

Azərbaycanda nikah müqaviləsi məcburi olmalıdır.

Redaktor.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa çıxış edib.

O qeyd edib ki, Azərbaycanda nikah müqavilələri könüllüdür.

"Mediasiyaya müraciətlərin çoxu da bu sahə ilə bağlıdır. İnsanlar bir birinə üzük aparır, qazan aparır, nə aparırsa, heç birini sənədləşdirmir. Sənədləşdirmə olmadığı üçün də məhkəmənin, mediasiyanın üstünə bu tələblərlə gəlirlər. Uşaq varsa, uşağın taleyi qalır bir yana, başlayırlar ki, üzüyün qaşı dəyişib. Nikah müqaviləsi olarsa, sabah boşanma prosesi, məhkəmələrin işi uzanmaz. Avropada bu praktika var. Avropada bizim bu “gözəl” adətlərin bir çoxu yoxdur. Ailə qurmadan öncə tibbi müayinədən keçməyi əvvəl bizdə qəbul etmirdilər, amma indi bu, qəbul edilir. Mediasiya institutuna dəstək vermək istəyiriksə, nikah müqaviləsinin zəruri elementlərinin burada əksini tapmasını tələb etməliyik. Nikah müqaviləsi məcburi olsa, bu kimi hallar da olmaz. Kim kimə nə apardı, nə gətirdi davası uzun çəkməz”, - deyə millət vəkili bildirib.