İslamda icazəli və qadağan olan nikahlar

 14:40 23.03.2025     238

İslamdan əvvəl cahiliyyə ərəbləri arasında bir çox nikah növləri vardı ki, Peyğəmbər onların hamısını qadağan etdi, yalnız birini saxladı. Qadağan edilmiş batil nikahlar aşağıdakılardır:

1. Şiğar nikahı: Mehr verməmək üçün ailələrin qızlarını bir-birinə verməsi. Bu, bir kimsənin öz qızını, bacısını, yaxud qəyyumu olduğu kimsəni qarşı tərəfə ərə verərək, əvəzində onun özünü, yaxud oğlunu və ya qardaşını qohumlarından bir qızla evləndirməsini, yaxud qızını, bacısını və ya bacısı qızını və ya başqasını qarşılıq olaraq ya evləndirməsi, ya da ərə verməsi deməkdir.

Bu qaydada bağlanan nikah, mehr verilib-verilməməsindən asılı olmayaraq, batil sayılır.

2. Muhəllil nikahı: Bu, üçüncü dəfə boşanmış qadını, birinci ərinə halal olsun deyə, gözləmə müddətindən sonra almaq və sonra boşamaqdır.

Bu növ nikah ən böyük günahlardan və fahiş işlərdəndir. İstər əvvəlcə, istərsə sonra bu nikahı etməyə sövdələşmək, yaxud qəlbində belə bir niyyət tutub evlənmək qadağandır. Onu edənə qarşı isə lənət olunmuşdur.

3. Bədəl nikahı: Qarşılıqlı razılaşma ilə arvadları müvəqqəti dəyişdirməkdir. Bəzi Avropa ölkələrində bu kimi oxşar hallar hazırda da mövcuddur. Əski ərəblərdə də belə adət vardı.

4. Makt nikahı: Atasının ölümündən sonra böyük oğulun ögey anası ilə evlənməsi. Dul qadın ərinin mirasına daxil olurdu. Başqa arvadından uşaqları varsa, ən böyük oğul atasının arvadına başqasından daha çox haq sahibi idi. Əgər ögey anası ilə evlənmək istəsəydi onun üzərinə bir libas atar və ona sahibləndiyini ifadə edərdi. Bu, o dövrdə ümumi bir tətbiqat şəklini almışdı.

5. İstibda nikahı: Oğlan övladı olmayan biri arvadının oğlan doğması üçün hamilə qalana kimi əsilzadə bir kişiyə müvəqqəti verməsi idi.

Qadın hamilə qaldıqdan sonra evinə dönərdi. Əri, hamiləlik dəqiq bəlli oluncaya qədər arvadına yaxınlaşmazdı. Doğulan uşaq ərindən olmuş sayılır və onun mirasçısı olurdu.

6. Qrup nikahları: Sayı on nəfəri keçməyən bir qrup kişi, eyni qadınla cinsi əlaqədə olurdu. Qadın hamilə kalıb uşaq doğsa, doğumdan bir müddət sonra bu kişilərin hamısını dəvət edərək uşağa ad qoymalarını istəyərdi. Həmin kişilərdən kim uşağa ad qoysa idi, uşağın atası o sayılırdı və onun mirasçısı olurdu. Hazırda rəsmi olmasa da qeyri-rəsmi formada bu Avropada geniş yayılıb.

7. Biqa nikahı - (sərbəst nikah): Bəzi qadınlar bütün kişiləri qəbul edərək qapılarına bayraq asardılar. Bir uşaq doğsaydılar bütün müştərilərini toplayaraq mütəxəssis çağırardılar. “Kaif” deyilən, (nəsəb ayırd edən mütəxəssis) bu şəxs uşağın atasının kim olduğunu təyin edərdi. Artıq o şəxs uşağın atası sayılırdı.

8. Hidn nikahı: Kişi müəyyən bir məbləğ qarşılığında qadınla anlaşırdı. Bir neçə gün birlikdə yaşayırdılar.

9. Sınaq evliliyi: Qadının bir dostundan uşağı olmuşdusa bunu bəyan edib rəsmiləşdirmək üçün evlənirdilər.

10. Mutə nikahı: Qadınla müəyyən zaman kəsimində müəyyən məbləğ qarşılığında baş tutan evlilikdir. Mehr və zaman təyin olunur, zaman bitdikdən sonra nikah pozulur.

11. Misyar nikahı: Səyahət zamanı bağlanan müvəqqəti nikah. Səyahət edərkən qadınla razılıq əsasında nikah bağlanır, səyahət bitərkən nikah da bitir, bəzi yanaşmalara görə səyahət növbəti dəfə baş tutarkən həmin qadınla yenidən nikah bağlanmalı, bəzi yanaşmalara görə yenidən nikaha lüzum yuxdur və qadın onun səyahət əsnasında yemə də arvadı sayılır.

12. Misfar nikahı: Səfər və ya ticari səfər əsnasında baş tutan evlilik. Bu evliliklər yalnız ticarət səfəri zamanı keçərli sayılırdı.

13. Misyaf nikahı: Yalnız tətil müddətində keçərli olan nikah idi. Tətilə çıxarkən bir kişi ilə qadının həmin tətil müddəti üzrə razılaşıb nikaha girməsi idi.

14. İki bacı ilə eyni vaxtda nikah: İki bacını eyni vaxtda yaxud bir müddətdən sonra almaq. İslam bunu kəskin şəkildə qadağan etdi.

İslam dini bu evliliklərdən qohumluq, qan və süd bağı nəzərə alınaraq yalnız özünə halal sayılan qadınla daimi evlənməyi saxlayaraq yerdə qalanının hamısı dərhal qadağan etdi.

Ancaq hazırki müsəlmanlardan Əhli - sünnə adlanan bölümün içərisindəki müəyyən cərəyanlar "Misyaf, Misyar və Misfar" nikahlarından açıq yaxud gizli şəkildə istifadə edirlər. Ancaq Əhli sünnənin məşhur rəyi bu nikahları məqbul saymır.

Eyni zamanda Şiə adlanan firqənin içərisində də Cəfəri məzhəbi adı ilə tanınan qrup "Mutə" nikahını məqbul hesab edir.

Lakin "Mutə" nikahını həm Əhli sünnə cərəyanları həm də Zeydi və Druz şiələri də qəbul və icra etmirlər. Əhli sünnə və Şiədən kənar müsəlmanlar: İbadilər də bu nikahları məqbul saymırlar.

Sadəcə bəzi tarixi mətn və hədislərdə Peyğəmbərin indiki İordaniya ərazisindəki Mutə adlanan yerdə Bizans qoşunları ilə savaşı əsnasında Mutə nikahına keçici olaraq izn verməsi qeyd olunur. Bu da əsir qadınlarla əsgərlərin qeyri - qanuni əlaqələrini leqallaşdırmaq üçün idi ki, zina halları baş verməsin. Hətta Quranda Mutə edilən qadınların mehrlərinin verilməsinin vacibliyi əmr olunur. Fəqət səfərdən döndükdən sonra bu cür evliliyin yenidən yasaqlanması barədə çoxsaylı, təkzibedilməz faktlar, dəlillər var.

Fəqət bununla yanaşı, yuxarıda sadalanan nikahlardan həqiqi və İslamın qəbul etdiyi daimi evliliyə ən yaxın olanı Mutə nikahıdır. Üsuli - fiqhin hökmi - sanəvi prinsipinə uyğun olaraq, həvayi-nəfsə yox, yaranmış situasiyanın vacib tələbi kimi yalnız zərurət məqamında bu nikah caiz sayıla bilər. Mehr təbii ki, vacibdir. Fəqət müddət elə bir zaman kəsimi olmalıdır ki, ürfə görə bu, qeyri - qanuni əlaqədən fərqlənsin.

Yoxsa ki, İmam Cəfər Sadiqdən uydurma hədislər nəql edilir ki, guya o həzrət deyib ki, siğə edin ki, bidəti sındırasınız. (Guya mutəni ikinci xəlifə qadağan edibmiş...) Siğə edənin qüsl aldığı suyun hər damlasından bir mələk yaranır və sair...

Halbuki Mutə nikahını xəlifə deyil, Həzrət Muhəmməd Peyğəmbər özü sağlığında yasaqlayıb. İkinci xəlifənin bir çox hüquqi məsələləri İmam Əlidən öyrəndiyi halda şəriəti təhrif edəcək belə bir hökmü bütün İslam ümmətinə qəbul etdirməsi iddiası absurddur. Bununla bağlı Əhli Beytdən hədislər və tarixi faktlar var.

İmam Zeynəlabidininin oğlu İmam Zeydin nəqlinə görə İmam Əli əleyhissəlam buyurub: "Peyğəmbər Xeybər ilində Mutə nikahını yasaqladı."

"Müsnədi - İmam Zeyd" - 430 - cu hədis.

Mutə və Xeybər savaşları 629 - cu ildə, yəni hicrətin 7 - ci ilində baş verib.

Misyar, Misyaf, Misfar nikahları ilə bağlı da heç bir tutarlı dəlil, fakt, nümunə yoxdur. Bu, varlı ərəb şeyxlərinin müasir zamanda xarici ölkələrdə eyş-işrətinə şəriətlə leqallıq qazandırmaq cəhdindən savayı bir şey deyil.

İslamda caiz olan yeganə nikah daimi və ənənəvi nikahdır.

Tural İrfan, 

ilahiyyatçı