Bu qidaları evinizə almayın, süfrənizə qoymayın - Qida ekspertindən ÇAĞIRIŞ

 17:37 07.04.2025     119

Xəbər verildiyi kimi, “Halal Zəhmət” firmasının kolbasasından dəmir parçası çıxıb.

Məsələ ilə bağlı Redaktor.az-a danışan qida eksperti Fərid Səfərov bildirdi ki, son zamanlarda qidaların keyfiyyəti, tərkibi ilə bağlı xoşagəlməz hallarla tez-tez rastlaşırıq:

"Belə bir sual yaranır, bu necə baş verir? Qida istehsalçıları müəssisələrdə çox ciddi şəkildə keyfiyyət standartları tətbiq etməlidirlər, bu işin əsas qaydalarından biri keyfiyyətli məhsul istehsalıdır.

Digər məsələ isə hazırlanan məhsulun tərkibi, istifadə olunan xammalın keyfiyyəti, istehsal zamanı heç bir xətanın baş verməməsidir".

Ekspertin sözlərinə görə, bu zəncir bir yerdə qırılırsa, qida istehsalına qarşı laqeyd və belə demək olarsa, "vicdansız" yanaşmalar bütün bu prosesi korlayır, çox xoşagəlməz vəziyyət yaranır, insanlar arasında qida müəssisəsinə, qidaya qarşı inamsızlıq yaranır. 

"O ki, qaldı, işlənmiş ət məhsullarının (kolbasa, sosiska) ziyanları haqda olduqca geniş araşdırmalar aparılıb, zərərləri haqda məlumatlar hər zaman hallanır. Bəs bu ziyanlar nələrdir? İşlənmiş qidalar müxtəlif xəstəliklərə yoluxma riskini artırır. Bu qidalar yüksək miqdarda doymuş yağ və kalori ehtiva edir, tərkibində təzə ətdə olmayan yüksək miqdarda duz və kimyəvi maddələr var. İşlənmiş ət yemək xərçəng, piylənmə, ürək-damar xəstəlikləri, böyrək xəstəliyi, Pankreatit, şəkər xəstəliyi riskini artırır. Tərkibindəki yüksək miqdarda olan dadlandırıcı, rəngləndirici kimi kimyəvi maddələr bu qidalardan asılılıq yaradır. Düzgün istehsal olunmayan, düzgün saxlanılmayan, tərkibi tam aydın olmayan heç bir qida məhsulunu evinizə almayın, süfrənizə qoymayın", - deyə F.Səfərov bildirdi.

Aytəkin TOFİQQIZI