"Tərkibində süni şəkər olan hər cür qida insan sağlamlığı üçün ziyanlıdır" - qida eksperti

 17:45 11.04.2025     190

Xəbər verildiyi kimi, Gəncədə 6 nəfər marketdən alıb yediyi tortdan zəhərlənib.

Tortların saxlanma şəraiti bu halların yaşanmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti Fərid Səfərov bildirdi ki, tərkibində süni şəkər olan hər cür qida insan sağlamlığı üçün ziyanlıdır. 

"İndi marketlərin, mağazaların vitrinləri müxtəlif şirniyyatlarla, tortlarla doludur. Günün istənilən saatı istədiyimiz yerdən rahatlıqla alıb yeyə bilirik. Bütün təhlükə də buradan başlayır, nəticə isə həmişə ürəkaçan olmur, təəssüf ki, tez-tez zəhərlənmə, hətta ölüm halları baş verir. Bəs bunun belə olmağının səbəbi nədir? Təəssüf ki, əksər yerlərdə satılan bu cür tortların hansı xammaldan, hansı şəraitdə hazırlanması bəlli deyil. Hazırlanan tortlar düzgün şəraitdə, tərkibinə uyğun temperaturda saxlanılmır. Bu cür hazırlanan tortların istehsal tarixi bəlli olmadığı üçün son istifadə müddəti də bilinmir. Bütün bu sadaladığlarımdan aydın olur ki, niyə zəhərlənmə halları baş verir".

Ekspertin sözlərinə görə, burada əvvəlcə öz üzərimizə, sonra da istehsalçıların üzərinə çox şey düşür. 

"Sağlam, təzə, istehsal yeri, tarixi məlum olan qidaları qida rasionunuza daxil edin. Eyni zamanda istehsalçılar da istehsal zamanı bütün normalara əməl etməli, düzgün saxlama qaydalarına əməl etməlidir ki, zəhərlənmə və ölüm halları baş verməsin", - deyə F.Səfərov bildirdi.

Aytəkin TOFİQQIZI