Qıcolması olan şəxslərə maşın sürmək qadağandır? - AÇIQLAMA

Bir neçə gün öncə Bakıda ağır qəza törətmiş "uçan taksi"nin sürücüsü Anar Nəcəfov hadisənin səbəbi kimi qıcolmanı göstərib. “Məni sadəcə qıcolma tutdu, dilim qatlandı, bərk qaza basdım”, - deyə o bildirib.
Bəs qıcolması olan şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ varmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, taksi xidmətini həyata keçirən sürücü öncə tibbi komissiyadan keçməlidir:
"Tibbi komissiyadan keçərkən ona verilən sağlamlıq haqqında arayışda belə bir xəstəliyinin olması təsbit olunmayıbsa və yaxud da qıcolmaların, sinir xəstəliklərinin mütəmadi olaraq baş verməsi halı qeyd edilməyibsə, işə götürülübsə, burada qeyri-adi heç bir problem yoxdur. Sağlamlıq arayışını alarkən məhz əzələ yığılmaları, qıcolmalarla bağlı sorğu öz əksini tapmır. Təbii ki, vətəndaş ehtiyaclarını qarşılamaq üçün onu gizlədə bilər. Bunu da heç kim bilə bilməz. Biz dəqiq bilmirik, bu hal sürücüdə ilk dəfə baş verib. Hər şey gözləniləndir. Ola bilər ki, indiyə qədər onda qıcolma baş verməyib".
Ekspert qeyd etdi ki, məsələni detallarına qədər izləyib qərar vermək asan məsələ deyil.
"Belə bir xəstəlik varsa, şəxs nəqliyyat vasitəsini idarə etməməlidir. Şəxs bilirsə ki, mütəmadi olaraq belə hallar baş verir, bu fəaliyyətdən imtina etməlidir. Belə halda sürücü fəaliyyəti ilə məşğul olmaq qadağandır", - deyə İ.Hüseynli vurğuladı.
Aytəkin TOFİQQIZI