"İşbazların ölkəyə gətirdiyi kartof vətəndaşların damaq zövqünə də uyğun deyil" - Günay Hüseynova

 18:15 15.04.2025     243

Son günlər bazarlarda kartofun qiymətində nəzərəçarpacaq artım müşahidə olunur.

Qiymət artımı əsasən nə ilə bağlıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Günay Hüseynova bildirdi ki, daha əvvəlki illərə nisbətən bu il kartof istehsalının məhsuldarlıq göstəricisi aşağı səviyyədədir:

"Ümumiyyətlə, digər məhsullara nisbətən kartof daha az idxal edilən məhsul kateqoriyasında olub. Bu il kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi, tələbin təklifi üstələməsi məhsulda qiymət artımına səbəb olub. Bununla belə, vətəndaşların tələbatını ödəmək üçün kartofu yaxın ölkələrdən idxal edirik".

İqtisadçı ekspert qeyd etdi ki, digər ölkələrdə məhsulun maya dəyəri daha ucuz başa gəlir.

"İşbazlar qiymət artımından sui-istifadə edərək idxalın daha çox marağındadırlar. Lakin bu bizim iqtisadi prinsiplərimizə uyğun deyil, bununla belə vətəndaşların damaq zövqünə də uyğun deyil. Gədəbəy, Tovuz, Qazaxda qara torpaqda əkilən kartofla müxtəlif qatqı gübrələrlə ərsəyə gəlmiş kartof bir deyil. Yerli sahibkarları, təsərrüfatla məşğul olan kəndlini bazardan ucuz idxal məhsulu üçün çıxara bilmərik. İdxal olunan məhsul yerli bazar qiyməti ilə eyni olsa belə iqtisadi baxımdan uyğun deyil", - deyə G.Hüseynova vurğuladı.

Aytəkin TOFİQQIZI