Pensiyalar yenə artırılacaq? - AÇIQLAMA

2026-cı il üçün proqnozlaşdırılan sosial müdafiə və sosial təminat xərcləri məlum olub. Gələn il bu sahəyə 5 milyard 105 milyon 971.8 min manat ayrılması proqnozlaşdırılır. Bu, 2025-ci ildə bu sahəyə ayrılması nəzərdə tutulan xərclərdən 354 milyon 241 min manat, yaxud 7,4 faiz çoxdur.
Sosial büdcənin artması pensiyalarda da artımlara səbəb olacaqmı?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirdi ki, artıq bir neçə ildir Azərbaycanın dövlət büdcəsi sosial yönümlüdür:
"Sosial xərclər daha üstün mövqeyə malikdir. Bu təsadüfi deyil. Ölkə başçımız Azərbaycanın sosial dövlət istiqamətini elan edib. Azərbaycanın dövlət büdcəsi sosial yönümlü bir büdcədir. Bu il sosial xərclərdə analoji olaraq əvvəlki illərə nisbətən artım dinamikası müşahidə olundu. Bu özünü pensiya məbləğlərində də göstərdi. Minimum pensiya əvvəlki ilə nisbətən 14,3% artırıldı. 2025-ci ildə minimum pensiya məbləği 320 manat olaraq müəyyənləşdirildi".
Sosioloqun sözlərinə görə, hər şey ölkədəki inflyasiya səviyyəsindən asılıdır.
"Ölkədəki inflyasiya göstəriciləri nəzərə alınaraq dəyişikliklər həyata keçirilir. Əgər inflyasiya göstəriciləri artarsa, sosial istiqamətlər üzrə müvafiq addımlar atıla bilər. Dövlət sosial sahəyə hər zaman həssas yanaşır. Bu istiqamətdə zərurət yarandıqca yanaşma yenilənir. Yaxın perspektivdə belə bir dəyişiklik proqnozlaşdırılmır, çünki minimum pensiya məbləği yeni qaldırılıb", - deyə müsahibimiz bildirdi.
Aytəkin TOFİQQIZI