"Tunelin özündə deyil, bu axının qarşısını ala bilməyən sistemdə problem var" - Memar

15-16 aprel tarixlərində Bakıda yağan güclü yağışlar nəticəsində şəhərin bir sıra ərazilərində ciddi subasmalar qeydə alınıb. Yol infrastrukturu, tunellər və bəzi yaşayış məntəqələri yağış sularının təsiri altında qalıb.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən memar Cahid Həsənov problemin kökündə suötürücü sistemlərin köhnəlməsi və əhali sayının artmasını göstərdi.
Memarın sözlərinə görə, Bakının mövcud suötürücü sistemi illər əvvəl, təxminən 1.5 milyon nəfərlik əhali üçün nəzərdə tutulub:
“Bu gün isə şəhərdə 3 milyondan çox insan yaşayır. Üstəlik, hər gün paytaxta axın edən qonaqları da nəzərə alsaq, mövcud sistem bu yükgötürməni qaldıra bilmir. Yeni tikilən binalar, genişlənən şəhər – bütün bunlar əlavə yükləmə yaradır. Amma infrastruktur yenilənmədiyi üçün nəticədə hər güclü yağışdan sonra subasmalar qaçılmaz olur”.
Cahid Həsənov bildirdi ki, xüsusilə yer səthindən aşağıda yerləşən tunellərin su ilə dolması sırf onların konstruktor problemi ilə bağlı deyil:
“Asfalt üzərində sağdan və soldan yüzlərlə metrdən gələn sular yerində sovrula bilmir. Bu kütləvi axın nəticəsində bir saata belə tunel dolur. Tunelin özündə deyil, bu axının qarşısını ala bilməyən sistemdə problem var.”
Memar hesab edir ki, bu kimi halların təkrarlanmaması üçün şəhərin bütünlüklə suötürücü şəbəkəsi yenilənməli, həmçinin urbanizasiya prosesləri ilə su infrastrukturunun paralel inkişafı təmin edilməlidir.
Toğrul ƏHMƏDZADƏ