"Məktəblər də uşaqlara nəzarət etməlidir" - Sosioloq

 18:24 23.04.2025     492

"Son zamanlar uşaqların evdən qaçma halları ilə bağlı saytlarda, informasiya platformalarında çox başlıqlar görürük. Təhlillər göstərir ki, evdən qaçma səbəbləri fərqlidir. Səbəblər ümumiləşdirildikdə görürük ki, daha çox sosial şəbəkə faktoru öndə dayanır".

Bu fikirləri Redaktor.az-a sosioloq Üzeyir Şəfiyev uşaqların evdən qaçması məsələsindən danışarkən bildirdi.

"Qaçan uşaqların danışıqlarını analiz edəndə görürük ki, uşaq etiraf edir ki, baxdığı seriallar, filmlər, sosial paylaşımlar onun qaçışı üçün təməl qoyan hadisə olub. Sosial şəbəkələr, təəssüflər olsun ki, uşaqlar üçün əlçatandır. Sosial şəbəkə şəraitində valideynlər bilməlidir ki, uşaqlara nəzarət daha çox olmalıdır. Valideyn bilməlidir ki, uşaq hansı sosial şəbəkədən istifadə edir. Bu gün böyüyən uşaqlar ailə təsirindən çox, sosial şəbəkə təsirindədirlər", - deyə sosioloq vurğuladı.

Ü.Şəfiyevin fikrincə, valideynlər diqqətli olmalıdırlar.

"Uşaq nəzarətdən kənarda qalarsa, sosial media təsirinə düşə bilər. Sərt tədbirlər yox, söhbətlər aparılmalıdır. Valideyn məktəb və təlimçilərin köməyindən istifadə edə bilər. Uşaqlara nəzarət tək valideynlərin işi deyil. Məktəblər də uşaqlara nəzarət etməlidir. Bu gün sosial şəbəkələrdə psixologiyası tənzimlənməmiş uşaqlara neqativ çağırışlar çoxdur. İnternetdə “könül oğruları” uşaqlara şikar gözü ilə baxır. Saflıqdan istifadə edərək onları qeyri-sağlam yola dəvət edirlər. Uşaq başa düşmədikdə bu çağırışlara uyur. Azərbaycanda sosial şəbəkələrə bir sıra güc mexanizmləri tətbiq olunsa, yaxşı olar. Kompleks tədbirlər görülməlidir. Evdən qaçmış uşaqları heç də yaxşı gələcək gözləmir", - deyə müsahibimiz əlavə etdi.

Aytəkin TOFİQQIZI