Sürücülər qeyri-etik hərəkətlər edərsə... - "Bolt"dan AÇIQLAMA

 15:39 24.04.2025     177

Son zamanlar taksi sürücüləri arasında sərnişinlərə narahatlıq yaradanların olması barədə xəbərlərə tez-tez rast gəlirik. Həmin sürücülər avtomobili idarə edərkən qeyri-etik hərəkətlər edir, xanımlara əxlaqsız təkliflər edir və s. Bu cür problemlərlə bağlı həm polis tərəfindən, həm məhkəmələr tərəfindən müvafiq tədbirlər görülməkdədir. Sonuncu dəfə "Bolt" sürücülərindən biri qadın müştərisinə əxlaqsız təklif etdiyinə görə polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə sürücü 15 sutkalıq həbs edilib.

Bəs taksi şirkətləri sürücülər işə götürərkən onlarla müvafiq söhbət aparılırmı? Sürücüdən şikayət edildikdə onların barəsində hansı tədbirlər görülür?

Mövzu ilə bağlı Redaktor.az "Bolt"a sorğu göndərdi. Sorğuya cavab olaraq bildirildi ki"Bolt" innovativ və texnoloji bir platformadır:

"Bu platforma üzərindən fərqli sahələrdə xidmətlərin göstərilməsi mümkündür. Bu isə o deməkdir ki, "Bolt" həm müştərilər, həm də xidmət göstərən tərəfdaşlar arasında vasitəçi rolunu oynayan bir alətdir. Taksi xidmətinə gəldikdə isə, "Bolt" sifariş operatoru funksiyasını yerinə yetirir, yəni sifarişləri müştərilərlə daşıyıcılar arasında əlaqələndirir. Daşıyıcı rolunda həm fərdi tərəfdaşlar, həm də avtoparklar çıxış edə bilər.

Daşıyıcı tətbiqdə qeydiyyatdan keçir və Azərbaycan qanunvericiliyində tələb olunan sənədləri təqdim etdikdən sonra onun üçün "Bolt" platformasında profil (hesab) yaradılır. Bu isə o deməkdir ki, sürücülər "Bolt" şirkətinin əməkdaşları və ya işçiləri deyil, sadəcə platforma vasitəsilə daşıyıcı xidmətini göstərən müstəqil tərəfdaşlardır".

Bildirildi ki, tərəfdaş sürücülər tərəfindən düzgün davranışa və qanunlara riayət olunmadığı hallarda, sərnişinlərin bu barədə tətbiq vasitəsilə şikayət əlavə etməsi vacibdir.

"Şikayət əsasında sürücü tərəfdaşın platformadan istifadəsi məhdudlaşdırılır və qeyri-etik davranış təsdiqləndiyi halda, onun profili deaktiv edilir. Hər zaman vurğuladığımız kimi, xidmətimizdən istifadə edən sərnişinlər belə hallarla qarşılaşdıqda, narazılıq və ya şikayətlərini tətbiq üzərindən "Dəstək" bölməsi vasitəsilə bizə bildirməlidirlər", -  deyə şirkətin açıqlamasında qeyd olunur.

Aytəkin TOFİQQIZI