"Rusiya taxılı olmasa, Azərbaycanda çörək istehsalında ciddi problemlər yarana bilər"

 13:17 25.04.2025     264

Bu ilin may ayında Rusiyanın aparıcı taxıl ixracatçılarından ibarət bir biznes missiyasının Azərbaycana səfəri gözlənilir.

Rusiyanın taxıl ixracatçıları ilə Azərbaycan arasında gözlənilən əməkdaşlıq nədən xəbər verir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirdi ki, Azərbaycan hazırda taxıl baxımından xarici bazarlardan, xüsusilə də Rusiyadan asılı vəziyyətdədir. Onun sözlərinə görə, ölkəmiz Rusiyanın taxılı ilə rəqabət aparmır və Rusiya taxılı yerli məhsulu bazardan sıxışdırmır:

"Lakin Azərbaycan taxılının keyfiyyəti Rusiyanın məhsullarından geri qalır. Hazırda Azərbaycanın daxili taxıl tələbatının yalnız 55-60%-i yerli istehsal hesabına ödənilir. Bu göstərici il ərzində dəyişkənlik göstərir, çünki ölkədə taxıl yığım gücü zəifdir. İqlim, torpaq və təbii şərait bu sahənin inkişafına tam şərait yaratmır. Nəticə etibarilə, Azərbaycan onsuz da xarici bazarlardan asılıdır. Yerli istehsal ümumi ərzaqlıq taxıl tələbatımızın cəmi 25%-ni ödəyir”.

İqtisadçı qeyd etdi ki, ölkədə istehsal olunan taxılın böyük hissəsi texniki məqsədlər üçün nəzərdə tutulur və yeyinti sahəsində istifadə edilmir.

“Bu baxımdan Rusiya Azərbaycana təhlükə deyil, əksinə əməkdaşlıq məsələləri müzakirə olunmaqdadır. Əgər Rusiya taxılı olmasa, ölkədə çörək istehsalında ciddi problemlər yarana bilər. Əvvəllər Ukraynadan da taxıl idxal edilirdi, lakin hazırda orada davam edən müharibə səbəbindən bu mümkün deyil. Qazaxıstan isə tələbatı tam ödəyə bilmir, çünki məhsulunun böyük hissəsini Çinə ixrac edir.
Hazırda Rusiya Azərbaycan bazarının un tələbatının təxminən 75%-ni, ərzaqlıq taxıl tələbatının isə 75%-dən çoxunu təmin edir. Ümumilikdə isə ölkəmizin taxıl idxalının 95-98%-i Rusiyanın payına düşür. Bu səbəbdən, Rusiya taxılı olmasa, Azərbaycanda ciddi ərzaq təhlükəsizliyi problemi yarana bilər”,- deyə Xalid Kərimli bildirdi.

Xədicə BAXIŞLI