"Ər-arvad davasının milyonların qarşısında efirdə müzakirə olunması biabırçılıqdır" - Xalq atisti

Azərbaycanda sosial yönümlü televiziya proqramları son illərdə geniş yayılsa da, onların keyfiyyəti və cəmiyyətə təsiri ciddi suallar doğurur. Bu verilişlər sosial problemlərin həllinə kömək etmək əvəzinə, insan faciələrini tamaşa obyektinə çevirir, şoulaşdırır və etik normaları pozur.
Televiziya kanallarımızdakı sosial verilişlər cəmiyyətə necə təsir edir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva bildirdi ki, sosial verilişlər postsovet ölkələrindən tutmuş dünyanın bir çox yerində var:
"Məncə, bu tip proqramlar kasıb, yardıma ehtiyacı olan, çətin vəziyyətdə qalan insanlara dəstək məqsədi daşımalıdır. Lakin bizdə daha çox məişət mövzuları efirə çıxarılır. Kimisi evindən qaçır, kimisi həyat yoldaşından şiddət görür... Bəli, bu kimi hallarda həmin şəxslərə yardım göstərilməsi yaxşıdır. Amma ər-arvad arasındakı şəxsi münaqişələrin efirdə müzakirəyə çıxarılması biabırçılıqdır. Bu cür hadisələr veriliş mövzusu olmamalıdır.
Verilişlərdə qıcıq doğuran və insanları narahat edən situasiyalardan çəkinmək lazımdır. Proqramlar daha çox maarifləndirici olmalıdır. Studiyada sosioloqlar, psixoloqlar iştirak etməli və problemlərə peşəkar yanaşma sərgilənməlidir. Səviyyəsiz dava-dalaş efirə çıxmamalıdır. Eyni zamanda, bizim milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz də qorunmalıdır.
Verilişlərdə elə hadisələr göstərilir ki, izləyicilərdə narahatlıq doğurur. Hətta deyərdim, bəziləri psixoloji baxımdan insanlara mənfi təsir göstərir. Bu cür efirlər xüsusilə gənclərə və uşaqlara mənfi təsir göstərir. Gizli qalmalı olan ailə məsələləri ictimailəşdirilir. Halbuki belə məqamlar ictimaiyyətin maraq dairəsinə çıxarılmamalıdır. İnsan nə qədər çox neqativə məruz qalırsa, bir o qədər pis əməllərə yönələ bilər.
Əvvəllər kinolar çəkilirdi, insanlar onlardan dərs alır, pisi yaxşıdan ayırd edə bilirdi. İndi isə verilişlərdə o qədər pis situasiyalar əks olunur ki, insanlar artıq onları etməkdən utanmır. Hər bir problemi ictimailəşdirmək düzgün deyil. Televiziya pozitivlik yaymalıdır, insanlara gözəl nümunələr, yaxşı əməllər göstərilməlidir".
Xalq artisti qeyd etdi ki, təkcə sosial verilişlər deyil, musiqi sahəsində də eyni vəziyyət yaşanır.
"Mən çox istərdim ki, musiqilərimiz əvvəlki səviyyədə olsun. İndiki musiqilərin keyfiyyəti bərbaddır və bu da musiqi zövqünü korlayır. Zövqün pozulması isə birbaşa psixologiyaya təsir edir. Yeni bir dövrə qədəm qoymaq lazımdır. Yeni nəsil formalaşır və biz bu dünyadan köçəndən sonra hər şeyi idarə edəcək olan da onlardır.
Valideynlər deyirlər ki, uşaq tərbiyəsini ailədən alır. Bəli, bu doğrudur, amma bu gün uşaqların tərbiyəsinə daha çox sosial şəbəkələr və televiziya proqramları təsir edir. Mən düşünürəm ki, sosial verilişlər mütləq olmalıdır, amma daha faydalı, maarifləndirici və mədəni mövzuları əhatə etməlidir",- deyə Naibə Allahverdiyeva bildirdi.
Xədicə BAXIŞLI