"Səsi, sənəti olmayan, orasını-burasını şişirdən adamları səhnəyə çıxarırlar" - Şeyx Əbdül

 18:17 25.04.2025     171

"Səməd Vurğunun “Vaqif” dramında belə bir sözü var: “Sözdən qızarmaz ki, bozarmış üzlər”. Azərbaycan televiziyası sözdən qızarmır. Mən bütün sözlərimi deyib qurtarmışam".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov Azərbaycanın televiziya kanallarındakı hazırkı sosial verlişlərinin vəziyyətindən danışarkən bildirdi.

Onun sözlərinə görə,  Azərbaycan televiziyalarına başqa cür cəza üsulları tətbiq olunmalıdır.

"Söz onlara təsir etmir, əksinə, bir az da şellənirlər. Səsi olmayan, sənəti olmayan, orasını-burasını şişirdən adamları səhnəyə çıxarırlar. O mahnıları kim yazır? Əttökən, rüsvayçı, seks təbliğ edən sözlərdir. Söz məsələsini Azərbaycan Yazıçılar Birliyi qaldırmalıdır. Televiziyalara pianinolar qoyulmalıdır. Musiqi ilə bağlı veriliş aparanların musiqi təhsili, musiqi duyumu yoxlanmalıdır. Orda “küftə-bozbaş” söhbəti eləməsinlər. Otururlar orda saatlarla boş-boş danışıb, sonda bayatı mahnı oxuyub ora-buralarını əsdirirlər. Söz savaşı artıq qurtarıb. Allah oxumaq üçün milyonda bir adama səs hədiyyə edir. Səs mədəniyyəti lazımdır".

Müsahibimiz qeyd etdi ki, televiziyalarla artıq söhbətlərə getmək mümkün deyil.

"Çünki özəl televiziyalardır. Onların rəhbərlərinin məqsədi xalq yox, pul qazanmaqdır. Haram və halal xoşları olsun. Bu qədər pul qazanırlar, niyə dövrə uyğun mikrofonlar almırlar? İt ilindən qalma uzun şunurlar, böyük aparatlar var. Operatorlar bilmirlər, neynəsinlər. Normal işıqlar qurun, kameralar alın. Dövlətçilik ənənələri ilə əlaqədar olan qurumlar televiziyaları nəzarətə gətirməlidirlər. Millət, sənət, musiqi, dəyərlər öz iştirakımızla əldən gedir", - deyə Xalq artisti bildirdi.

Aytəkin TOFİQQIZI