"Malyariyaya qarşı sağlam gələcəyin təmin olunması ictimaiyyətin birgə məsuliyyətidir"

"Azərbaycan Pediatrlar Assosiasiyası olaraq hər il aprelin 25-də qeyd olunan Ümumdünya Malyariya ilə Mübarizə Günü münasibətilə bu xəstəliklə mübarizədə həm beynəlxalq, həm də ölkədaxili səyləri dəstəklədiyimizi bəyan edirik".
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə bildirib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 60-cı sessiyasında qəbul olunmuş qərara əsasən bu günün qeyd olunması malyariyaya qarşı qlobal mübarizəyə diqqəti artırmaq məqsədi daşıyır:
"Malyariya ağcaqanadlar vasitəsilə yayılan və hər il dünyada 300 milyondan çox insanı təsirə məruz qoyan ciddi infeksion xəstəlikdir. 2000-ci ildən bəri dünyada 2,2 milyard malyariya və 12,7 milyon ölüm hadisəsinin qarşısını alınıb. Lakin ÜST-ün yeni hesablamalarına görə, xəstəlik bütün dünyada, xüsusən də Afrika da əsas ictimai sağlamlıq təhlükəsi olaraq qalır.
2008-2014-cü illər ərzində Azərbaycan Pediatrlar Assosiasiyasının üzvləri ölkəmizdə malyariyaya qarşı mübarizə layihəsinin hazırlanmasında və elmi sübutlara əsaslanan müalicə protokolunun tərtibində fəal iştirak edib. Bu protokol BMT-nin xüsusi təlimləri və 97 sual-cavabdan ibarət sınaq mərhələsinin uğurla tamamlanmasından sonra təsdiqlənib və tətbiq olunub.
Azərbaycan Pediatrlar Assosiasiyası ÜST-ün malyariyaya qarşı mübarizə proqramını ölkə reallıqlarına uyğun şəkildə adaptasiya edərək, xüsusilə malyariyanın yüksək riskli olduğu bölgələrdə genişmiqyaslı fəaliyyət həyata keçirib. Bu proses Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin layihəsi çərçivəsində, BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə təşkil olunub. Region həkimləri ilə birgə təlimlər keçirilib, elmi sübutlara əsaslanan müalicə protokolları hazırlanıb və əhali arasında maarifləndirmə tədbirləri genişləndirilib. Bu əməkdaşlıq nəticəsində ölkədə effektiv əks-epidemik tədbirlər sistemli şəkildə həyata keçirilib".
Dosent qeyd edib ki, hazırda ölkəmizdə yerli yoluxma hallarına rast gəlinməməsinə baxmayaraq, profilaktik və əks-epidemik tədbirlər davamlı şəkildə aparılır.
"Bu istiqamətdə görülən işlərin təməlində tarixi bir irs dayanır. Tanınmış alim, epidemioloq, Əməkdar Elm Xadimi, professor Tağı Tağızadə hələ 1970-80-ci illərdə malyariyaya qarşı mübarizə sahəsində mühüm bir təklif irəli sürüb. Onun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə evkalipt ağaclarının əkilməsi və gambuziya balıqlarının su hövzələrinə buraxılması ilə bağlı layihə həyata keçirilib. Bu bioloji mübarizə metodları nəticəsində malyariyanın yayılmasının qarşısı uğurla alınıb və bu töhfə günümüzdə də ölkəmizin səhiyyə tarixində nümunə olaraq xatırlanır.
Assosiasiya olaraq bildiririk ki, malyariya kimi qarşısı alına bilən xəstəliklərə qarşı elmi yanaşma, ictimai maarifləndirmə və davamlı profilaktik tədbirlər həlledici rol oynayır. Biz bu istiqamətdə beynəlxalq əməkdaşlığa açıq olduğumuzu, eləcə də ölkəmizdə bu xəstəliyin nəzarətdə saxlanılması üçün öz töhfəmizi verməyə davam etdiyimizi vurğulayırıq.
Sağlam gələcəyin təmin olunması hər bir səhiyyə işçisinin və ictimaiyyətin birgə məsuliyyətidir", - deyə Təranə Tağızadə əlavə edib.