Həkimlərin sertifikasiya imtahanlarının sualları dəyişəcək - RƏSMİ

Tibb işçilərinin sertifikasiya imtahanlarında yenilik olacaq.
Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib.
Onun sözlərinə görə, sualların orta ağırlığına görə bölünməsi həyata keçiriləcək:
“Sertifikasiya imtahanının qaydalarında da, test suallarının özündə də dəyişiklik olunacaq. Sualların yenilənməsi, onların mürəkkəblik dərəcəsinə görə sadə, orta və mürəkkəbə ayrılması nəzərdə tutulur. Ümumiyyətlə, sertifikasiya imtahanlarında təkmilləşmə olacaq".
T.Əhmədova qeyd edib ki, Səhiyyə Nazirliyi kredit ballarının toplanması və hesablanmasına dair tələblər hazırlayır.
"Kredit fəaliyyətləri, davamlı peşəkar inkişaf tədbirləri çox genişdir. Onlar imkan verəcək ki, tibb işçiləri yalnız təlimə getməklə yox, müxtəlif fəaliyyətlərlə öz elmi biliyini artırsın. Özəl və dövlət sektorunda fərq olmayacaq, bu qərarlar bütün tibb müəssisələrinə bu qərarlar şamil olunacaq”, - deyə müdir müavini bildirib.