Restoranlarda buna görə zəhərlənirik... - AÇIQLAMA

 15:41 30.04.2025     110

Müasir dövrdə ictimai iaşə obyektlərində, xüsusilə restoranlarda təqdim olunan qidaların keyfiyyəti və təhlükəsizliyi cəmiyyətin sağlamlığı ilə birbaşa bağlı olan vacib məsələlərdən biridir. Təəssüf ki, Azərbaycanda zaman-zaman müxtəlif restoranlarda qidadan zəhərlənmə hallarına rast gəlinir.

Restoranlarda zəhərlənmənin səbəbləri nəylə bağlıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bildirdi ki, bugünkü gündə birinci növbədə restoranlarda keçirilən monitorinqlər, mütəmadi baxışlar, məhsulların saxlama yerlərinə nəzarət öz qaydasında aparılır:

"Amma burada insanların sağlamlığı ikinci plana, qazanc və gəlir isə ön plana keçdikdə, işbazlar insan sağlamlığını düşünmədən yalnız pul qazanmağa fokuslanırlar. Bu isə insanların sağlamlığı və kütləvi zəhərlənmələr hesabına başa gəlir. Məsələn, 3–5 gün öncədən qalmış yeməklər – bu, daha çox salatlara, xüsusilə mayonezli, göbələkli salatlara aiddir – istifadə olunduqda ciddi risk yaranır. Risk qrupuna daxil olan xammaldan hazırlanan yeməklər müxtəlif soyuducularda saxlanılır, bəlkə də həmin məhsulu saxlamaq üçün həmin soyuducuların texniki funksiyası belə yoxdur. Bu cür yeməklər növbəti toyda eyni masalara, insanlara təqdim edildikdə, təbii ki, zəhərlənmə riski artır.
İkinci bir məsələ soyuducuların normativlərə uyğun olmaması və ya düzgün istifadə edilməməsi ilə bağlıdır. Bəzən soyuducu mövcuddur, məhsul da orada saxlanılır, lakin soyuducudan ya istifadə olunmur, ya da düzgün istifadə edilmir".

Ekspert qeyd etdi ki, digər məsələ məhsul qonşuluğu ilə bağlıdır. Onun sözlərinə görə, məhsulların bir-biri ilə təmas etmədən, qaydalara uyğun şəkildə saxlanılmaması da ciddi problem yaradır.

"Ən böyük problemlərdən biri isə qida zəncirinin qırılmasıdır. Bu gün soyuducudan çıxmış məhsulu yalnız soyuducuda saxlamaq olar. Əgər soyuducudan çıxarılmış məhsul anbarlarda və ya günəş işığına məruz qalan yerlərdə saxlanılarsa, əlbəttə ki, zəhərlənmə halları baş verəcək. Bu hal ən çox ət və ət məhsullarında müşahidə olunur.
Yaxşı olardı ki, restoranlarda xammal kimi istifadə olunan bütün məhsullar Qida Təhlükəsizliyi Agentliyinin xüsusi sertifikasiyasından keçmiş, yəni gigiyenik sertifikatı olan məhsullar olsun. Əks halda, nəzarətsiz şəkildə, kənd və ya rayon şəraitində, baytar nəzarətindən keçmədən kəsilmiş heyvan ətlərindən istifadə olunarsa, əlbəttə ki, fəsadların yaranması mümkündür. Çünki bu halda nəzarət mexanizmi mövcud deyil.
Restoranlarda məhsulların saxlandığı soyuducular gigiyenik qaydalara və standartlara uyğun olmalı, restoran əməkdaşları mütəmadi olaraq həkim nəzarətindən keçməlidirlər. Eyni zamanda, yeməklərin saxlandığı qabların təmizliyi də xüsusi əhəmiyyət daşıyır. Qidaların hazırlandığı yerlərdə çirklənməni minimuma endirmək vacibdir",- deyə İlkin Şirinov vurğuladı.

Xədicə BAXIŞLI