Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq - buna hazırıqmı?

Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müəddəaların və sair məsələləri nəzərdə tutur.
Saatlıq əməkhaqqı sisteminin tətbiqinin nəticələri nələr olacaq? Məsafədən işləmək işçi-müdir münasibətlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Yusif Nəbiyev bildirdi ki, Azərbaycanda hüquqi reallıqların əmək bazarının faktiki davranışları ilə barışmağı lazımdır:
"Uzun müddətdir ki, həm işçilər, həm də işəgötürənlər rəsmi çərçivələrlə real praktikalar arasında sıxışıb qalıblar. Əgər dövlət bu reallığı tənzimləməyə çalışırsa, bu müsbət haldır, amma həm də müəyyən suallar doğurur.
Saatlıq əməkhaqqı sistemi ilk baxışda daha çevik, daha ədalətli bir sistem kimi görünür “neçə saat işlədinsə, o qədər də al”. Ancaq sosioloji baxımdan burada iki məsələ ortaya çıxır. Birincisi, işin psixoloji tərəfi heç də müsbətə doğru dəyişmir. Bu sistem stabilliyi, sabitliyi azaldır. Yəni işçi artıq “gündəlik və ya aylıq sabit gəlir” hissindən uzaqlaşır və özünü daim ölçülən, izlənən və hesabatlı bir obyekt kimi hiss edir. İkincisi, bu sistem aşağı ixtisaslı və zəif təşkilatlanmış işçilər üçün daimi istismar riski daşıyır, çünki saat hesabı işin mahiyyətini yox, sadəcə vaxtını qiymətləndirir".
Sosioloqun sözlərinə görə, məsafədən iş isə işçi-müdir münasibətlərində köhnə iyerarxik strukturu ciddi formada silkələyir.
"Əvvəllər “səni görmürəmsə, işləmirsən” məntiqi dominant idi. İndi isə daha çox nəticəəsaslı yanaşma aktual olur. Bu müdirlərin nəzarət imkanlarının zəifləməsinə, amma eyni zamanda bir KPI fetişizminin güclənməsinə gətirib çıxarır. İnsanın işi daha çox ölçülə bilən bir məhsul formasına salınır. Qısası, bu dəyişikliklər postmodern əmək bazarının tələblərinə cavab verməyə yönəlib, amma sosial tərəfdən işçinin statusu daha da kövrəkləşir. Ədalətli və şəffaf tətbiq olunmasa, bu mexanizmlər istismar üçün yeni “proqressiv metodlara” çevrilə bilər", - deyə Yusif Nəbiyev bildirdi.
Aytəkin TOFİQQIZI