"Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi hibrid formada olacaq" - AÇIQLAMA

 15:26 02.05.2025     161

"Bəhs olunan məsələlərlə bağlı anons verilib. Bu da yaxın və orta perspektivdə Azərbaycanın əmək bazarında dəyişikliklərini anons edir".

Bu fikirləri Redaktor.az-a sosioloq Üzeyir Şəfiyev Əmək Məcəlləsində aparılacaq dəyişikliklərdən danışarkən bildirdi.

"Bu gün süni intellektin tətbiqi imkan verir ki, əmək bazarında məzmun və struktur dəyişiklikləri edilsin. Eyni zamanda Dünya Bankının təklifidir ki, Azərbaycanda da saatlıq iş rejimi tətbiq olunsun, saatlıq əməkhaqqı sistemi qurulsun. Buna görə də Azərbaycanda bu məsələlər müzakirə olunur. Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bununla bağlı göstəriş verildi ki, dünya təcrübəsini öyrənsin. Dünya ölkələri içərisində rejimi tətbiq edən ölkələrin təcrübəsi öyrənildikdən sonra Azərbaycan üçün optimal bir versiya tətbiq olunsun. Bizdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bu məsələni digər ölkələrin təcrübəsi fonunda öyrənir. Saatlıq əməkhaqqı sisteminin tətbiqi hibrid formada olacaq".

Sosioloq qeyd etdi ki, əvvəlki aylıq əməkhaqqı sistemi də mövcud olacaq.

"Saatlıq əməkhaqqı sistemi bütün sferaları əhatə etməyəcək. Saatlıq əməkhaqqı sisteminin tətbiqi fonunda işçilər üçün yeni fürsət pəncərəsi açılır. İşçilər saatlıq iş rejimini tamamladıqdan sonra əlavə yerlərdə də fəaliyyət göstərə biləcəklər. Bu, əmək bazarında çevikliyi və mobilliyi artıracaq. Güman edirəm ki, bu, digər maliyyə işləri üçün də keçərlidir. Bu, işçi-rəhbər münasibətlərinə xələl gətirməyəcək. İşçi evdə də o işi görə bilər, müəssisədə də görə bilər. Bu, hər iki tərəf üçün faydalıdır. Hesab edirəm ki, bu, hər iki tərəf üçün faydalıdır. Qadınlara qarşı Azərbaycanda pozitiv, qadınların xeyrinə ayrıseçkilik var idi. Ağır iş sahələri var idi ki, qadınlara çətin olmasın deyə işləmək onlara qadağan idi.

Baş verən dəyişikliklər zamanın çağırışıdır. İnnovativ tətbiqlər sayəsində mümkünləşir, həm də qlobal bir çağırışdır. Güman edirəm ki, Azərbaycan bu məsələdə rasional formada dünya təcrübəsini öyrənərək tətbiq edəcək. Saatlıq əməkhaqqı sistemi Əmək Məcəlləsində dəyişiklikləri tələb edir",- deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI