Maşın almaq istəyənlərə banklar kredit vermir - İqtisadçı çıxış yolunu AÇIQLADI

 17:00 05.05.2025     175

Son dövrlərdə bir sıra banklar avtokredit təqdim etməkdən çəkinirlər. Bu qərarın əsas səbəbi isə bazarda mövcud olan maliyyə riskləri və kreditlərin geri qaytarılması ilə bağlı yaranan narahatlıqlardır.

Bu tendensiya uzun müddətli ola bilər? Avtokredit götürmək şərtlərinə uyğun olan şəxslər bu halda krediti necə əldə edə bilərlər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirdi ki, bankların avtokreditdən imtina etməsinin bir sıra səbəbləri var:

"Bu səbəblərlə əlaqəli qarşıdakı müddət ərzində də bu halın davam etməsi mümkündür. Çünki avtomobil bazarında olan qeyri-müəyyənlik Çin avtomobillərinin ciddi şəkildə üstünlüyü ələ alması və eyni zamanda bəzi Çin avtomobillərinin adının belə bir müddət sonra bazardan silinməsi bu istiqamətdə qaranlıq bir mühit yaradır. Kredit məbləği artdıqda risklər yüksəlir. Eyni zamanda manatla verilən zaman valyuta məzənlələri arasında mümkün dəyişiklik riski bankları bu risklərdən çəkinməyə vadar edir. Xüsusi olaraq qeyd etmək istərdim ki, banklar artıq alınan avtomobil müqavilində kredit verərsə, sonra avtomobili sataraq öznə çatacaq vəsaiti geri alması üçün ciddi risklər var".

Ekspert qeyd etdi ki, artıq avtomobillər banklar tərəfindən asanlıqla satıla bilmir.

"Ödəniş problemlərinin yaranması artıq banklar üçün ciddi problemdir. Yeganə yol istehlak kreditlərinə müraciət edərək avtomobil almaqdır. Yüksəksəviyyəli ilkin ödəniş tətbiq etməklə hər hansısa bankla razılığa gəlmək mümkündür. Ailənin digər üzüvlərini məsələyə qatmaqla, avtosalonlarla danışaraq, bunu daxili kredit adlanan bir mexanizmlə həll etmək olar", - deyə Eldəniz Əmirov bildirdi.

Aytəkin TOFİQQIZI