"Hətta yemək zamanı belə insanların bir əli telefona bağlı olur" - Sağlamlıq üçün ciddi TƏHLÜKƏ

 17:43 06.05.2025     143

Müasir dövrdə smartfonlar və sosial şəbəkələr gündəlik həyatın ayrılmaz parçasına çevrilib. Bəzən insan elə düşünür ki, bu texnologiyalar olmadan nə əylənmək, nə işləmək, nə də sosiallaşmaq mümkündür.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirdi ki, təkcə gənclər deyil, yaşlı insanlar, evdar xanımlar və işləyən şəxslər də daxil olmaqla, sanki bütün cəmiyyət smart qurğulara fokuslanıb.

"Bu, Azərbaycan cəmiyyətinin arxetiplərinə və sosial xarakterinə də təsir göstərir. Artıq ev mühitində, ailə daxilində, hətta yemək zamanı belə insanların bir əli telefona bağlı olur. Halbuki əvvəllər süfrə mədəniyyəti mövcud idi – hamı bir araya gələr, qayğı və sevinclərini bölüşərdi. İndi isə hər kəs diqqətini telefona yönəldib. Sosial şəbəkələrdə paylaşılan məzmunlar o qədər cəlbedicidir ki, insanlar ondan ayrıla bilmirlər.
Bu hal insanların iş rejiminə və iş keyfiyyətinə də mənfi təsir göstərir. Elə bu səbəbdən Avropa ölkələrində və Çində sosial şəbəkələrdən istifadə ilə bağlı müxtəlif məhdudiyyətlər tətbiq olunub. Məsələn, bəzi Avropa ölkələrində dövlət qulluqçularına müəyyən sosial şəbəkələrdən istifadə yasaqlanıb. Təkcə gənclər deyil, yaşlı nəsil də bu şəbəkələrin əsirinə çevrilib. Sözün əsl mənasında belədir. İnternetdə bir qədər texniki problem yaşananda insanlarda psixoloji narahatlıq yaranır. Hətta bəzi xarici ölkələrdə – xüsusilə Asiyada – bu asılılıqdan qurtulmaq üçün xüsusi klinikalar fəaliyyət göstərir.
Gənclər arasında telefondan asılılıq eyni zamanda tənbəllik yaradır. Doğrudur, internet və smartfonlardan praqmatik məqsədlərlə istifadə edənlər də var – iş görür, məsələləri həll edir, karyeralarını inkişaf etdirirlər. Amma əfsuslar olsun ki, böyük əksəriyyət vaxtını səmərəsiz şəkildə sərf edir. Bu fenomenə “tum effekti” də deyilir. Çində isə buna “klip düşüncə sindromu” adı verilib. İnsan eyni vaxtda bir neçə video və şəkil izləyir və nəticədə analiz etmək qabiliyyəti zəifləyir. Bu isə analitik düşüncəni, məntiqi və riyazi təfəkkürü zədələyir", - deyə o vurğuladı.

Soioloq qeyd etdi ki, ümumilikdə, telefonlar insanların həyat enerjisini azaldır:

"Bu, ciddi problemdir. Gənclər günlərini daha səmərəli planlamalı, idmana, yaradıcılığa, hobbilərə və faydalı fəaliyyətlərə vaxt ayırmalıdırlar. Asudə vaxtın düzgün təşkili insan həyatını rəngarəng və mənalı edir. Telefona həddindən artıq fokuslananda həyat boz və monoton olur. Halbuki bu rutindən çıxmaq çətin olsa da, mümkündür. Gənclər vaxtlarının dəyərini anlamalıdırlar".

Həmsöhbətimiz öz fikirlərini ifadə edərkən bir məşhurun həyatından da nümunə gətirdi:

"Məşhur milyarder Bill Qeytsin bir müsahibəsində dediyi kimi: “Əgər mən sosial şəbəkələrin reallığında doğulsaydım, bəlkə də 3.5 trilyon sərvətə sahib Bill Qeyts olmazdım”. O bildirir ki, dostlarına vaxt ayırsa da, tez-tez tək qalaraq düşünür və həyatını planlaşdırırdı. Qeyts gənclərə məşhur psixoloq Conatan Haydtın “Narahat nəsil” kitabını tövsiyə edir. Bu kitabda telefonlardan səmərəli istifadə və onların mənfi təsirlərindən qorunma yolları barədə dəyərli məlumatlar yer alır.

Hesab edirəm ki, gənclər bu məsələlərin fərqində olmalıdırlar. Tanınmış və uğurlu insanların həyatından nümunə götürmək vacibdir. Onların tövsiyələri və təcrübələri faydalıdır.

Unutmayaq ki, telefonlar yuxu rejimini pozmaqla sağlamlığa ciddi zərər verir. Gənclər bu faktları dərk etməli və nəticə çıxarmalıdırlar. Mənim tövsiyəm budur ki, gənclər öz enerjilərindən məqsədyönlü istifadə etsinlər, hədəflərinə doğru addımlasınlar, enerjili olsunlar və boz həyatdan uzaq dursunlar. Vaxt bölgüsünü düzgün anlayıb tətbiq etməlidirlər. Həyat yalnız telefondan ibarət deyil – o, yaradıcılıqdan, zəhmətdən, fiziki aktivlikdən və hobbilərdən ibarətdir. Gənclər həyatlarına məna qatmağı bacarmalıdırlar", - deyə Üzeyir Şəfiyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI