İnsanlar asudə vaxtlarını necə dəyərləndirməlidir? - Psixoloqdan açıqlama

 18:12 06.05.2025     100

"Bu gün texnologiyanın həyatımıza bu qədər daxil olması ilə bir çox insan asudə vaxtlarını əsasən telefonda, sosial şəbəkələrdə keçirir. Bu isə çox zaman zehni yorğunluğun azalması deyil, əksinə, informasiya yükünün artması ilə nəticələnir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova asudə vaxtın və tətil günlərinin dəyərləndirilməsi mövzusundan danışarkən bildirdi.

Onun sözlərinə görə, asudə vaxt və tətil günləri insanın həm fiziki, həm də psixoloji bərpası üçün bir fürsətdir:

"Bu dövrdə edilən seçimlər həyat keyfiyyətinə birbaşa təsir göstərir. İnsanlar bu vaxtları daha səmərəli keçirmək üçün bir sıra üsullara üstünlük verə bilərlər. Təbiətə çıxmaq, açıq havada gəzinti, piknik və ya sadəcə yaşıllıqda vaxt keçirmək həm beyni dincəldir, həm də stressi azaldır. Hərəkətli fəaliyyətlər, idman, rəqs, üzgüçülük və ya sadəcə sürətli gəzintilər insanın həm enerjisini artırır, həm də əhvalını yaxşılaşdırır. Yaradıcılıq və hobbilər, rəsm çəkmək, musiqi dinləmək və ya ifa etmək, yazı yazmaq, əl işləri ilə məşğul olmaq insanın daxili dünyasını zənginləşdirir".

Psixoloq qeyd etdi ki, kitab oxumaq da ekkektiv üsullardan biridir.

"Gündəlik informasiyadan uzaqlaşıb dərin oxu prosesi insanda həm düşüncə çevikliyi yaradır, həm də duyğusal zənginlik verir.
Ailə və dostlarla vaxt keçirmək, səmimi söhbətlər, birgə oyunlar və ya sadəcə birlikdə vaxt keçirmək insana emosional dəstək verir və münasibətləri gücləndirir. Yeni biliklər əldə etmək, seminar və ya onlayn kurslara qatılmaq asudə vaxtın məhsuldar istifadəsinə xidmət edir.
Unutmaq olmaz ki, bədən qədər ruh da istirahətə və qayğıya ehtiyac duyur. Asudə vaxt yalnız “boş vaxt” deyil, əksinə, insanın özünə qayğı göstərdiyi, iç dünyasına qulaq asdığı qiymətli bir zamandır. Bu səbəbdən də hər kəsin öz maraq və ehtiyaclarına uyğun şəkildə bu vaxtı dəyərləndirməsi psixoloji balans və həyat keyfiyyəti üçün son dərəcə önəmlidir", - deyə müsahibimiz vurğuladı.

Aytəkin TOFİQQIZI