Sosioloq günərzi mərkəzlərinin əhəmiyyətindən DANIŞDI

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Sənədə əsasən, çətin həyat şəraitində olan bütün şəxslər günərzi sosial xidmətlərlə əhatə olunacaq.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Lalə Mehralı bildirdi ki, xalqın rifahı, sosial dəstəklənməsi, sosial yönümlü istənilən layihə və addım, əlbəttə, təqdirəlayiqdir:
"Bu addım da o addımlardan biridir. Günərzi qruplarının yaradılması məsələsi əslində pandemiyadan öncə müzakirə edilmişdi. Hətta bəzi bölgələrdə pilot layihə kimi də həyata keçirilmişdi ki, o günərzi qruplarında həm anaların məşğuliyyəti təmin olunsun, həm də uşaqların təlim-tərbiyəsi ilə məşğul olunsun. Bir növ ana və uşaq bağçası kimi layihə nəzərdə tutulmuşdu. Amma pandemiya oldu və layihə yarımçıq qaldı. Bundan sonra da artıq gündəmə gəlmədi. Hazırda imzalanan sənəddə həmin günərzi qruplarının fərqli istiqamətidir".
Sosioloq qeyd etdi ki, bu bütün hallarda dəstəklənəcək addımdır.
"Ümumiyyətlə, sosial diqqətə, qayğıya ehtiyacı olan insanların cəmiyyətə qazandırılması, onların cəmiyyətə uyğunlaşdırılması istiqamətində ciddi işlər görülməlidir. Mətbuat, insanlar, cəmiyyət kimin əllərindən nə gəlirsə, dəstək göstərməlidir. Bu gün fiziki məhdudiyyəti olan insanların iş tapmasında, cəmiyyətə adaptasiyasında, ünsiyyət məsələsində ciddi problemləri olur. İnsanları yenidən cəmiyyətə qazandırmaq olduqca müsbət addımdır. Günərzi mərkəzləri bu amala xidmət edəcəksə, çox yaxşı addımdır", - deyə Lalə Mehralı bildirdi.
Aytəkin TOFİQQIZI