Cəlilabadda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edildi

Cəlilabadda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib.
Redaktor.az xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları Cəlilabad rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirib.
Daha sonra Dövlət himni səsləndirilib, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Tədbiri giriş sözü ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov açaraq zəngin və mənalı həyatını vətəninə, xalqına həsr edən Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, dünyada mənsub olduğu xalqların tarixində əbədi yaşamaq haqqı qazanmış nadir şəxsiyyətlər var ki, onlar həm öz ölkələrinə, həm də geniş mənada, bəşəriyyətə aid olan tarixi şəxsiyyətlərdir.
Öz xalqı və dövləti qarşısındakı misilsiz tarixi xidmətləri ilə əbədiyyət qazanmış görkəmli dövlət xadimi Heydər Əliyev həm də dünya miqyasında XX əsrin qüdrətli liderlərindən biri kimi qəbul olunur. Azərbaycan xalqının XX əsrin ortalarından sonrakı tarixi taleyində mühüm rol oynayan Heydər Əliyev tarixin ən çətin və mürəkkəb ictimai-siyasi şəraitində mənsub olduğu xalqı zamanın qasırğalarından qoruyub çıxarmağı və irəli aparmağı bacarıb.
RİH başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri bu gün Azərbaycanı möhkəm və qüdrətli bir dövlətə çevirib. Onun əsasını qoyduğu müstəqil dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film izlənilib.
Çıxış edənlər çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderimizin siyasi və idarəçilik fəaliyyətinin müstəsna yer tutduğunu bildirərək onun dövlətçilik səlnaməsində yaratdığı irsin öyrənilməsi üçün hələ uzun illər zamana ehtiyac olduğunu qeyd ediblər. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyevin həm birinci, həm də ikinci hakimiyyəti dövründə düşünülmüş və cəsarətli qərarları ilə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etdiyini vurğulayıblar. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, o cümlədən, müxtəlif tarixi dönəmlərdə Azərbaycana rəhbərliyi, xilaskarlıq missiyasını yerinə yetirməklə yenicə elan etdiyi müstəqilliyini itirməkdə olan ölkəni fəlakətdən qurtarması barədə ətraflı məlumat veriblər.
Sonda tədbir Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə mədəniyyət nümayəndəliyinin solistlərinin ifasında konsert proqramı ilə davam etdirilib.