"Həm bahalı səmtdir, həm də 1-2 kiloqram üçün kimsə uzaq məsafəyə üz tutmaz"

 18:02 12.05.2025     163

Bakının qəsəbələrindəki bazar məhsulları ilə şəhərin mərkəzində olan məhsulların bəzilərinin qiymət fərqi çox, bəzilərinin qiymət fərqi isə azdır.  Məsələn, bir ərazidə 5 manata olan məhsul digər ərazidə 10 manatdır.

Qiymətlərin fərqi əsasən nə ilə bağlıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova bildirdi ki, qiymətlərin müxtəlif olmasının səbəbləri də müxtəlifdir:

"Məhsul satışı həyata keçirən şəxslərin obyekt üçün aylıq kirayə haqqı da müxtəlifdir. Ona görə də ilk növbədə qiymətlərin dəyişkən olmasına səbəb budur. İkinci səbəb bazar və yarmarkaların uzaqlıq və yaxınlıq məsafəsi, şəhərin hansı hissəsində yerləşməsi, daşınma xərcləri də qiymətə təsir edən faktorlar arasındadır. Bu, təkcə bazar məhsullarında deyil, digər məhsullar üçün də keçərlidir. Məsələnin əsas tərəfinə gəldikdə işbazlığı, sui-istifadə hallarını da qeyd etmək yerinə düşərdi".

İqtisadçının sözlərinə görə, "Gənclik", Nərimanov, Ağ şəhər, Yasamal kimi ərazilər şəhərin “bahalı” səmti kimi tanınır.

"Bazar məhsulu satan şəxs bilir ki, bu ərazidə yaşayan biri gedib şəhərin ucuz bazarı kimi tanınan "8-ci km bazarı"ndan və ya "Şərq" bazarından hansısa məhsulu almayacaq. İstənilən qiymətə satsa da alınacaq. Həm bahalı səmtdir, həm də 1-2 kiloqram üçün kimsə uzaq məsafəyə üz tutmaz. Bununla belə, qeyd etdiyim kimi, kirayə qiyməti fərqi də var.

Digər qiymət fərqinə gəldikdə, onlar da mərkəzdən kənardadır deyə “ucuz” satmırlar, sadəcə satış sayından qazanırlar. Vətəndaşların əksəriyyətinin iş yeri şəhərin mərkəzindədir və bildiyimiz kimi nəqliyyat problemi var, olduqca sıxlıq var. 1-2 kiloqram hansısa məhsulu əzilə-əzilə o qədər yolu gətirməz. Bununla belə, qiymət fərqi də var, ona görə də yaşadığı ərazidən almaq daha sərfəli olur. Digər bir səbəb isə Bakı ətrafı kənd və qəsəbələrdən, Sumqayıt, Siyəzən, Şimal bölgəsindən gətirilir. Daşınma xərcləri və obyekt kirayə qiymətləri nəzərə alınmaqla nisbətən qiymətlər aşağı olur", - deyə Günay Hüseynova qeyd etdi.

Aytəkin TOFİQQIZI