"Evlənmək istəyən qohumlar başqa ölkələrə gedib, orada nikah bağlayıb geri qayıda bilərlər"

 14:11 13.05.2025     259

Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda evlənənlərin sayında ötən illə müqayisədə artım müşahidə edilir. Bununla bağlı Xəzər TV-yə açıqlama verən sosioloq Üzeyir Şəfiyev uzun illərdən sonra nikah sayında qeydə alınan artımı qohum evliliyinə qoyulan qadağa ilə əlaqələndirib.

Bəs nikah sayındakı artımı sözügedən qadağa ilə əlaqələndirmək olarmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Lalə Mehralı bildirdi ki, ola bilər ki, bu qadağa məsələyə müəyyən təsir göstərsin:

"Lakin bunu konkret araşdırmaq lazımdır. Qurulan evliliklərin neçə faizi qohum evliliklərinin payına düşür – bu statistika məlum olduqdan sonra dəqiq demək olar ki, qohum evliliyi qadağası bu məsələyə necə təsir edib.

Amma ümumi götürdükdə, bəzi insanlar düşünürlər ki, qohum evliliyi qadağan edilməzdən əvvəl nikah bağlasalar, bu, onlara üstünlük qazandıracaq. Əksinə, bununla özlərinə, ailələrinə və gələcəklərinə necə böyük bir bədbəxtlik gətirdiklərinin fərqində deyillər".

Sosioloq vurğuladı ki, qadağa ona görə tətbiq olunur ki, genofond qorunsun.

"Bu, gələcək nəsillərin sağlam böyüməsi üçün vacibdir. Əgər insanlar qohum evliliyinin niyə qadağan edildiyini anlamırlarsa, biz nə qədər tədbir görsək də, onlar üçün bunun bir əhəmiyyəti olmayacaq.

Belə insanlar hesab edirlər ki, qaydalar pozmaq üçündür. Ola bilər ki, qohum evliliyi qadağan edildikdən sonra da nikaha girmək istəyən şəxslər başqa ölkələrə gedib, orada nikah bağlayıb geri qayıtsınlar. Onlar bu işi həyata keçirmək üçün bir yol tapacaqlar.

Amma bir şeyi anlamırlar: qohum evlilikləri özlərinə, gələcəklərinə və övladlarına edilən ən böyük pislikdir. Bunu dərk etməyən insanlar üçün isə heç bir tədbirin faydası olmayacaq", - deyə Lalə Mehralı qeyd etdi.

Xədicə BAXIŞLI