"Axırıncı məcburi köçkünümüz doğma yurd-yuvasında məskunlaşana qədər qayıdışlar davam edəcək"

 17:37 13.05.2025     152

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib. Dövlət başçısı həmçinin bir sıra obyektlərin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binada, klub-icma mərkəzində, Kəngərli kənd tam orta məktəbində, körpələr evi-uşaq bağçasında və yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.

Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a bildirdi ki, bütün bunlar Azərbaycan xalqının uzun illər həsrət ilə gözlədiyi bir hadisələrdir:

"Doğma yurd-yuvaya qayıtmaq, torpağın əsl sahiblərinin doğma yurdlarına qayıtması və yenidən orada əbədi olaraq yaşaması, hesab edirəm ki, bundan gözəl və böyük sevinc ola bilməz. Həmin gün mən özüm də Ağdamda idim. Kəngərlidə olmadıq, amma Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdik. Cənab prezidentimiz Ağdam Muğam Mərkəzinin açılışını etdi. Çox möhtəşəm bir tədbir keçirildi. Kəngərliyə əhalimizin qayıtması təbii ki, bu, növbəti qayıdışdır. Bundan sonra ardıcıl olaraq, fasiləsiz bu qayıdışlar davam edəcək".

Deputat vurğuladı ki, axırıncı məcburi köçkünümüz doğma yurd-yuvasında məskunlaşana qədər qayıdışlar davam edəcək.

"Hər bir kəs televiziyalar vasitəsilə müşahidə etdi. Orada yüksək səviyyəli, yaşayış üçün yaradılan şəraiti hər kəs gördü. Hamı əhalinin sevincinin şahidi oldu. Təbii ki, bu belə də olmalıdır. İnsanlar doğma yurdlarına qayıdırlar. Bu Azərbaycan dövlətinin gücündən, qüdrətindən xəbər verir. Azərbaycan xalqının öz doğma torpağına, yurd-yuvasına bağlılığının nümunəsidir. İnşallah, hələ belə sevinclərimiz çox olacaq", - deyə Elman Məmmədov bildirdi.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”" mövzusunda dərc olunub.

2