İlahiyyatçıdan özünə məzar hazırladan bəstəkara: "Dinimizə zidd hərəkətlər etməsin"

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev özünə məzar hazırlatdırıb.
"Yalançı başdaşı da qoydurmuşam ki, heç kim ora girməsin. Hərdən gedib mühəndis gözü ilə baxıram, görüm məzarımda nə çatışmır?” - deyə o bildirib.
Bəs insanın öncədən özünə məzar hazırlatması nə qədər düzgündür?
Mövzu ilə bağlı Redaktor.az-a danışan ilahiyyatçı Tural İrfan bildirdi ki, məcburiyyət olmadıqca əvvəlcədən adamın özünə məzar hazırlatması doğru deyil:
"Bu o zaman olar ki, dəqiq bilsə ki, öləndən sonra meyiti yerdə qalacaq, heç kəs ona bir qəbirlik torpaq verməyəcək, o zaman olar. Yoxsa əvvəlcədən özünə məzar, daş hazırlatmaq bəyənilən ənənə deyil. İnsan başqalarını, cəmiyyəti də düşünməlidir. Ələlxüsus ictimai xadimlər gərək xalqımızın milli adət və ənənələrinə, dinimizə zidd hərəkətlər etməsinlər. Biri kostyumda dəfn olunmasını istədiyini deyirdi, biri əvvəlcədən özünə məzar hazırladır, bu, doğru ənənə deyil. Seçilmək, fərqlənmək üçün qondarma fikirlərə düşmək yaxşı hal deyil".
İlahiyyatçı hesab edir ki, başqalarına yaxşı işlərdə örnək olmaq lazımdır.
"Heç kəs öləndə meyiti yerdə qalmır, hamını bir yer tapıb aparıb basdırırlar. Şükür Allaha ki, ölkəmizdə də sabitlikdir. Xüsusən ictimai xadimlər, tanınmış ziyalılar ölərkən lap yaxınları etməsə də, dövlət onlar üçün qayğı göstərir, dəfn işlərini həll edir. Yəni, belə naümidlik, bədgümanlıq bir ziyalıya yaraşmır. Bilmək olmaz kim harada və hansı şəraitdə öləcək.
Sadəcə bəzi imkanlı adamlar var ki, hər şeyi var, bilmir ki, başqa nə etsin. Yadına düşür ki, ən bahalı, ən yaxşı yerdən özümə və nəslimə qəbir yeri də alım. Yəni öləndən sonra da başqalarından seçilim, daha möhtəşəm yerdə dəfn olunum. Bunlar hamısı natamamlıq kompleksindən yaranan hisslərdir.
Odur ki, zəruri ehtiyac olmasa insanın əvvəlcədən özünə qəbir qazdırması, daş düzəltdirməsi dində qəbul edilməyən, qeyri-ənənəvi əməllərdəndir",- deyə Tural İrfan vurğuladı.
Aytəkin TOFİQQIZI