"Vaxt var idi kiloqramla alınırdı, indi isə mağazalarda qramla satılır" - Günay Hüseynova

"Mövsümi olsa da, bazar qiymətləri, xüsusilə də meyvənin qiyməti alıcıların cibinə uyğun deyil. Həm tələb-təklif faktoru var, bununla yanaşı sahibkarın “tez zamanda çox qazanmaq” arzusu da var".
Bu fikirləri Redaktor.az-a iqtisadçı Günay Hüseynova bazarlardakı qiymətlərdən danışarkən bildirdi.
"Burada nə məhsulu satan kəndli qazanc əldə edir, nə də alıcı razı qalır. Yetişən məhsulun dərhal xarici bazara ixracı, sahibkarın çox qazanmaq arzusu, alıcının nübar məhsul almaq istəyi, bunlar qiymətə təsir göstərən faktorlar arasındadır. Bir neçə il öncə istehlakçılar yeni yetişən məhsulu kilolarla alırdı, indi isə mağazalarda qramla satılır".
İqtisadçı bildirdi ki, məhsulun kiloqram hesabı olduqca baha olduğu üçün 250–300 qramlıq paketlərin qiyməti də cibə uyğun olmur.
"Bununla yanaşı satış siyasəti də var. Həm həmin paketlərin üzərindəki kiloqram qiyməti kiçik yazılır, həm də bütöv kiloqram qiyməti yazılsa, alıcı sayı azalır. Məsələn, mövsümündə alça, çiyələk əsasən paketdə satılır. Nə üçün şaftalı, alma, gavalı paketdə satılmır və ya digər meyvələrə nisbətən çox bahalı deyil? Amma bu təklif-tələblə əlaqəli deyil", - deyə Günay Hüseynova qeyd etdi.
Aytəkin TOFİQQIZI