"Ailələri təşviq etmək lazımdır ki, nəsil artırmaqda maraqlı olsunlar" - Lalə Mehralı

Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22119 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,8-ə düşüb.
Ölkədə doğum sayının azalması əsasən nə ilə əlaqəlidir?
Sosioloq Lalə Mehralı Redaktor.az-a mövzu ilə bağlı açıqlamasında bildirdi ki, o, vəziyyətin belə olacağını, doğum sayının aşağı düşəcəyini, nikah məsələlərini hamısını əvvəlcədən proqnozlaşdırıbmış.
"Proqnozlar, çox təəssüf ki, özünü doğrultdu. Ümumiyyətlə, doğmağa meyilin aşağı düşməsi, ailələrdə çoxuşaqlılığın ləğv edilməsi, ailələrin könüllü olaraq 2-dən çox uşaq dünyaya gətirməməsi müşahidə olunur. İnsanlar maddi problemlərə, sosial məsələlərə, iqtisadi çətinliklərə, təhsil məsələsinə, işsizliyə və s. hər şeyə görə uşaq sayını artırmaq niyyətində olmurlar. Qadınlar var ki, təhsilinə çox kapital qoyub, evləndikdən sonra bir müddət ana olmaq haqqında düşünmür. İş sahəsində irəliləyib kapitalını qaytara bilmək üçün ana olmağı düşünmürlər".
Sosioloq qeyd etdi ki, tərəflər evlənirlər, amma gəlirləri yetəri qədər deyil, buna görə də doğum məsələsini bir qədər təxirə salmalı olurlar.
"Əslində nə qədər çox ailə varsa, bir o qədər də səbəb var. İstənilən halda bu azalma səbəbsiz deyil. Ailələri təşviq etmək lazımdır ki, nəsil artırmaqda maraqlı olsunlar. Tutaq ki, gəlir yetəri qədər deyilsə, gəlir mövzusunda ailəyə dəstək olmaq olar. Dünyaya uşaq gətirməyə meyilli xalqıq. Çoxuşaqlılığı sevən millət olmuşuq və uşaq olmayan ailədə özümüzü natamam hiss etmişik. Zənn edirəm ki, ailələr təşviq olunarsa, göstərici qalxar", - deyə Lalə Mehralı bildirdi.
Aytəkin TOFİQQIZI