Əhalinin neçə faizi gündəlik yerli TV-lərə baxır?

 22:00 19.05.2025     89

Bu gün milli ideoloji əsasların formalaşdırılması və inkişaf etdirilməsində mühüm rol oynayan, informasiya mühitinə ciddi təsir imkanlarına malik televiziya özünün yeni transformasiya mərhələsini yaşayır. Cəmiyyətdə əsas kommunikasiya vasitələrindən biri kimi televiziya daim aktual çağırışlara hazır olmalı, dövrün tələblərinə operativ cavab verməli, müasir trendlərə uyğunlaşmağı bacarmalıdır. Rəqəmsal informasiya dövründə sürətli adaptasiya əsas tələb olduğundan, internet və sosial şəbəkələr televiziyanın əsaslı rəqibinə çevrildiyindən, keyfiyyətli kontent istehsalı və etibarlı mənbə faktoru əsas meyara çevrilir.

Redaktor.az AZƏRTAC-a istinadən Azərbaycan telekanallarının etibarlı mənbə kimi liderliyini qoruyub saxlaması ilə bağlı yazını təqdim edir.

İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə həyatımızın digər sahələrində olduğu kimi, audiovizual sferanın inkişafına da əsaslı təsir göstərmişdir. Son beş ildə Azərbaycan teleməkanın inkişafı istiqamətində əsaslı addımlar atılmış, ilk növbədə onun qanunvericilik bazası yenidən formalaşdırılmışdır.

Əvvəlki illərdə televiziya və radio məkanı “Televiziya və radio yayımı haqqında” Qanun, Audiovizual Şurasının fəaliyyəti isə “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə” ilə tənzimlənirdi. İnternet, sosial media sürətlə inkişaf etdiyi, bütün dünyada ənənəvi və yeni medianın inteqrasiya prosesi geniş vüsət aldığı halda, mövcud qanunvericilik 1998-1999-cu illərdən yaranmağa başlamış media subyektlərinin onlayn versiyalarının, əsasən 2005-2006-cı illərdən formalaşan onlayn media subyektlərinin fəaliyyətini tənzimləmir, onların statusunu tanımırdı. 2022-ci il fevralın 8-də qüvvəyə minmiş “Media haqqında” Qanun 1999-cu ildə qəbul edilmiş “Kütləvi informasiya vasitələri haqqında” Qanundan köklü şəkildə fərqlənir. Yeni Qanun ənənəvi media ilə yanaşı, onlayn media subyektlərinin də statusunu, hüquq və vəzifələrini müəyyən edir.