"Minlərlə ailə var ki, evində aylarla ət qaynamır" - İqtisadçıdan TƏKLİF

Qarşıdan Qurban bayramı gəlir. Qurban bayramı isə gəlişi ilə ətə tələbatı artırır.
Bəs bayram öncəsi ətin bahalaşması gözlənilirmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova bildirdi ki, hər bayramqabağı olduğu kimi, bu bayramda da qiymət artımı gözlənilir.
"Xüsusilə də qurbanlıq diri heyvanın çəkisində qiymət artımı ola bilər. Əslində qiymət artımını təkcə bayramın gəlməsi ilə əlaqələndirmək olmaz. Əvvəlki illərin statistik göstəricisi ilə qarşılaşdırsaq, bu il ət idxalımız daha çox olub, bu da onu deməyə əsas verir ki, ölkədə heyvandarlıq azalıb. Dolayı yolla da təklif azaldığı üçün, tələb qarşısında qiymətlər artır. Digər səbəb isə insanların dini təfəkkürünə görə tələbin artıq olmasıdır. Bunu bilən sahibkar, fermer də qiymətləri artırır. Vətəndaş olaraq bir növ özümüz qiymət artımına şərait yaradırıq. İmkanı olan da, orta büdcəli də çalışır ki, qurbanını kəssin. Əgər maddi imkan buna yol vermirsə, borc-xərc edib kəsmək, nə də tələbi artırmağa ehtiyac yoxdur. Nümunə olaraq, Türkiyədə böyük marketlər şəbəkəsində bayramqabağı afişalar yapışdırılır: Dana 1 hissə payı 20–25 kiloqram bu qiymətə, qoyun əti 1 hissə 5–8 kiloqram bu qiymətə. Vətəndaş pulunu ödəyir, bayramda da evinə hazır, təmiz şəkildə gətirirlər. Diri heyvan da satılır, təbii ki, bazar və ya məhəllələrdə. Seçim vətəndaşındır".
İqtisadçı bildirdi ki, millət olaraq bizim təfəkkürümüz fərqlidir.
"Kəsilən heyvanın qoca və ya cavan olmasını, el dili ilə desək, axan qanını görməliyik. Lakin bizdə də bənzəri şəkildə kəsim yerləri olsa, qiymətlər tarazlansa, daha münasib olar. Bununla belə, təklif edərdim ki, bələdiyyələrdə, icra hakimiyyətlərində imkansız ailələrin qeydiyyatı aparılsın ki, bayram öncəsi ət payı onların da ünvanına, istər könüllü gənclər, istərsə də qurumlar tərəfindən çatdırılsın. Minlərlə ailə var ki, evində aylarla ət qaynamır. Kiminsə ümidinə qalmaqdansa ki, 1 parça ət verən olacaq və ya yox bu kimi tədbirlərin görülməsini məqsədəuyğun hesab edirəm", - deyə G.Hüseynova vurğuladı.
Aytəkin TOFİQQIZI