4-6-cı sinif şagirdlərinin imtahanlara cəlb edilməsi onlarda bu problemlərə səbəb ola bilər - Psixoloqdan AÇIQLAMA

 15:26 22.05.2025     165

Öən günlərdə 4 və 6 cı sinif şagirdləri üçün kütləvi monitorinq təşkil olunub. Təhsil ekspertləri bildirirlər ki, 4 və 6cı sinif şagirdlərinin monitorinqə cəlb olunması onlar üçün psixoloji travmadır.

Kütləvi monitorinqlər azyaşlı uşaqlarda hansı travmaları yarada bilər?

Psixoloq Zeynəb Əyyubova mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, uşaqların bilik və bacarıqlarının qiymətləndirilməsi, onların inkişaf səviyyəsinin müəyyən olunması və təhsil prosesinin daha da təkmilləşdirilməsi üçün keçirilən monitorinqlər ümumi təhsil sisteminin mühüm bir hissəsidir:

"Bu baxımdan belə tədbirlərin məqsədi müsbətdir və uşaqların təlim-tərbiyəsinə dəstək məqsədi daşıyır. Lakin psixoloji baxımdan istənilən qiymətləndirmə prosesi xüsusilə azyaşlı uşaqlar üçün müəyyən emosional gərginlik yarada bilər. 4-6-cı sinif şagirdləri hələ tam emosional yetkinliyə çatmadıqları üçün imtahan və ya monitorinq şəraitində daha çox həyəcanlana bilərlər. Bu isə onlarda özünə güvənsizlik, başqaları ilə müqayisə olunma qorxusu və bəzən də uğursuzluq qorxusu kimi psixoloji hallara səbəb ola bilər".

Psixoloq qeyd etdi ki, bu vəziyyətlər düzgün idarə olunmazsa, uzunmüddətli təsirlər də mümkündür.

"Məsələn uşaqda məktəbə qarşı mənfi münasibət, dərslərə marağın azalması və ya özünüqiymətləndirmədə problemlər yarana bilər.
Burada əsas məsələ uşaqlara monitorinqin məqsədinin düzgün izah olunmasıdır. Əgər valideynlər və müəllimlər uşaqlara bu qiymətləndirmənin onları cəzalandırmaq üçün deyil, yalnız tədris prosesinin daha yaxşı təşkili üçün aparıldığını izah etsələr və onlara dəstək olsalar, uşaqlar bu prosesi daha rahat qarşılayacaqlar.

Valideynlərə və müəllimlərə tövsiyəmiz budur ki, uşaqlara monitorinqdən əvvəl emosional dəstək versinlər, onlara təzyiq etmədən sadəcə səy göstərməyin kifayət olduğunu başa salsınlar. Uşaqlar bilsinlər ki, bu proses onların dəyərini müəyyən etmir, bu, sadəcə təhsil sisteminin bir hissəsidir.

Nəticə olaraq demək olar ki, qiymətləndirmə və monitorinq kimi tədbirlər düzgün yanaşma ilə müşayiət olunarsa, uşaqların psixoloji vəziyyətinə mənfi təsir etmədən həyata keçirilə bilər", - deyə Z.Əyyubova bildirdi.

Aytəkin TOFİQQIZI