Qurbanlıq əti bişirməzdən öncə bunları etmək lazımdır - VACİB AÇIQLAMA

 19:31 23.05.2025     735

Qarşıdan Qurban bayramı gəlir. Bu bayram Islam aləmində ən vacib bayramlardan biri hesab olunur.

Bəs qurbanlıq kəsimi zamanı hansı tələblərə əməl etmək lazımdır?

Qida eksperti Fərid Səfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, qurban kəsimi zamanı həm dini, həm də gigiyenik baxımdan riayət edilməli olan bir sıra vacib qaydalar var:

"Qurban kəsimi zamanı bir sıra dini qaydalar var. Qurban yalnız qoyun, keçi, dana, inək və ya dəvə ola bilər. Heyvan sağlam, fiziki qüsursuz və yetkin yaşda olmalıdır. İslamda səlahiyyətli bir müsəlman tərəfindən, mümkün olduqca heyvana əziyyət vermədən kəsilməlidir. Gigiyenik və etik qaydalara da əməl etməliyik. Heyvana su verilməli və sakitləşdirilməlidir. Digər heyvanların gözü qarşısında kəsilməməlidir. Stress və qorxu minimuma endirilməlidir. Kəsmə və parçalama təmiz, dezinfeksiya edilmiş alətlərlə aparılmalıdır. Ət torpağa və ya çirklənmiş səthə toxunmamalıdır. Daxili orqanlar tez bir zamanda çıxarılmalı və soyudulmalıdır. Yerli baytarlıq nəzarətindən keçmiş heyvanlar olmalıdır. Kəsim yerləri rəsmi orqanların müəyyən etdiyi qaydalara uyğun olmalıdır".

Ekspert qeyd etdi ki, qurban ətinin düzgün saxlanması həm sağlamlıq, həm də ətin keyfiyyətinin qorunması baxımından çox vacibdir.

"Əti dərhal yuyub saxlamayın. Yeni kəsilmiş ət ilkin olaraq yuyulmamalıdır. Yuyulmuş ət nəm qalır və bu bakteriyaların çoxalmasına səbəb ola bilər. İlk 4-5 saat “dinləndirmə” vacibdir. Ət kəsildikdən sonra sərin, təmiz və havalı yerdə (kölgədə) 4-5 saat saxlanmalıdır.
Əgər birbaşa soyuducuya qoyulsa, sərtləşə və dadını itirə bilər. Soyuducuda (0-4°) 3 günə qədər saxlamaq olar. Bu halda ət qablaşdırılmış şəkildə (streç, təmiz konteyner və s.) saxlanmalıdır. Dondurucuda (-18°C və aşağı) əti 6-12 aya qədər təhlükəsiz saxlamaq mümkündür. Hissə-hissə paketlənərək (bir ailəlik porsiyalarla) dondurulmalıdır. Dondurulan ətləri otaq temperaturunda deyil, soyuducuda yavaş-yavaş açmaq tövsiyə olunur. Bişirilmədən əvvəl yumaq olar. Əti bişirməzdən əvvəl yumaq və artıq qanı təmizləmək gigiyenik baxımdan doğrudur. Bu sadaladıqlarım qurban kəsimi ilə bağlı müəyyən qaydaları əhatə edir. Bu ibadətin əsasında təslimiyyət, iman, təvazökarlıq və mərhəmət dayanır. Təmizlik və gigiyena da bizə lazım olan digər məqamlardır, hamısı birlikdə bir məna kəsb edir",- deyə F.Səfərov vurğuladı.

Aytəkin TOFİQQIZI