"Blogerlər reklam etdikləri məhsulu öz övladlarına yedirə, geydirə bilərlərmi?"

Prezident İlham Əliyev "Reklam haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanuna əsasən blogerlər məhsulları yalandan reklam edə bilməyəcəklər.
Mövzu ilə Redaktor.az-a danışan sosioloq Lalə Mehralı bildirdi ki, nəzarət mexanizmi nə qədər mükəmməl qurulsa da, nəzarət etmək o qədər də asan olmayacaq:
"Çünki bu sahədə əməlli-başlı özbaşınalıq var. Kim hardan əlinə nə keçirsə, öz izləyicilərinə məsləhət görür. Məhsul alergik reaksiya verib, ölümə yol aça bilir, sağlamlığa təhlükə yarada bilir, bunlar isə reklamçıları maraqlandırmır. Onları maraqlandıran əsas məsələ məhsulun tanıtımına görə əldə etdikləri vəsaitdir. Bu mexanizm necə işləyəcək deyə bilmərəm. Amma əslində belə bir qadağanın tətbiq edilməsi şərt idi. İnsanlar özlərində məsuliyyət hiss etməlidirlər ki, mən nəyi təqdim edirəm, bu, cəmiyyətin sağlamlığına, psixologiyasına hansı dərəcədə təsir göstərə bilər, buna görə mən hansı məsuliyyətləri daşıyıram. İnsan hər şeyə görə şərəfini, ləyaqətini, mənliyini, şəxsiyyətini satmaz. Orada reklam etdikləri məhsulu ilk olaraq özlərinə sual verməlidirlər ki, mən bu məhsulu istifadə edərəmmi? Öz övladlarına yedirə, geydirə bilərəmmi? Özüm istifadə edə bilirəmsə, övladlarıma bunu rəva görürəmsə, onda başqalarına da reklam edim".
Sosioloqun sözlərinə görə, bu gün reklam etdikləri məhsulları özləri belə istifadə etməyən bloqçular var.
"Mən onların əksəriyyətinə dövrün Şeyx Nəsrullahı deyirəm. Yəni bu gün sosial şəbəkələrdə aldadan aldadandır. Şeyx Nəsrullah zamanında insanları necə aldadıb, ölünü dirildirdisə, bu gün bu influenser bloqçular da elə aldadıb, insanlara satılmayan, keyfiyyətsiz məhsulları satdırırlar. Onlara müəyyən miqdarda pul ver, nə istəyirsənsə etsinlər. Odur ki, bu sahədə belə qadağa çox vacib idi. Sadəcə yaxşı mexanizm sistemi qurmaq lazımdır ki, onlar yenə fürsətdən istifadə edə bilməsinlər", - deyə Lalə Mehralı bildirdi.
Aytəkin TOFİQQIZI