"Qurban pulla satılmaz, pulla alınan ət də qurban əti sayılmaz" - İlahiyyatçı 

 17:30 23.05.2025     265

"Qurban bayramı İslam aləmində iki böyük bayramdan biridir. Xalqımız da bu bayramı uzun illərdir qeyd edir. Qurbanlar kəsilirərkən əsasən kasıb təbəqəyə edilməlidir. Heyvan kəsimi zamanı yol kənarında, uşaqların gözü qarşısında kəsmək olmaz". 

Bu fikirləri Redaktor.az-a ilahiyyatçı Tural İrfan qurbanlıq heyvan kəsimi qaydalarından danışarkən bildirdi.

"Xüsusi qurbangahlarda kəsmək lazımdır. İçalatını, baş-ayağını yollara, zibilliyə atmaq olmaz. Basdırmaq lazımdır. Çünki yollarda üfunət yayılır, antisanitariya Qurban bayramında baş alıb gedir. Bu vəhşilikdir və İslama ziddir. İslam təmizlik dinidir", - deyə o vurğuladı.

T.İrfanın sözlərinə görə, inək, camış, dəvə, keçi və qoyun növlərindən qurban kəsilir.

"Qurbanı kəsən şəxs müsəlman olmalıdır, yönü qibləyə kəsməlidir və mütləq Allahın adına kəsilməlidir. Həmçinin Qurban bayramında adını qurban əti qoyub ət satırlar. Bu, tamamilə yanlış ənənədir. Qurban pulla satılmaz, pulla alınan ət də qurban əti sayılmaz. Yaxşıdır ki, imkanı olanlar bu bayramda qurban əti paylamaqla, yaxud digər formada həssas və kasıb təbəqəyə yardım etsinlər", - deyə ilahiyyatçı vurğuladı.

Aytəkin TOFİQQIZI