Emin Əmrullayev Londonda tələbələrlə görüşdü

 17:31 23.05.2025     121

Böyük Britaniyaya səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Londonda Dövlət Proqramı çərçivəsində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib. 

Redaktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində, fövqəladə və səlahiyyətli səfir Elin Süleymanovun iştirakı ilə baş tutub.

Nazir çıxışında Azərbaycanda elm və təhsil sahəsinə göstərilən davamlı dövlət qayğısını vurğulayaraq son illərdə həyata keçirilən islahatlar və yeniliklər barədə tələbələri məlumatlandırıb. Nazir, xüsusilə Qarabağ Universitetində yaradılan müasir tədris imkanlarına toxunub.  

Emin Əmrullayev, həmçinin xaricdə təhsil üzrə Dövlət Proqramının 2028-ci ilədək uzadıldığını və bu çərçivədə tələbə sayının artırıldığını diqqətə çatdırıb.

Görüş zamanı tələbələrin suallarını cavablandıran nazir onları təhsillərini başa vurduqdan sonra Vətənə dönərək elmin və ali təhsilin inkişafına töhfə verməyə çağırıb.