"Qurbağanı öldürmək olmazsa, yemək də olmaz" - Qida eksperti

 12:57 26.05.2025     352

Son illərdə dəniz məhsulları ilə yanaşı, ölkəmizdə qurbağa ətinə də maraq yaranıb. Artıq restoranlarda da menyuda qurbağa ətinə rast gəlinir. Qurbağa ətinin Asiya ölkələrindən dondurulmuş şəkildə Azərbaycana idxal olunduğu və Bakıdakı restoranların ondan müxtəlif yemək növləri hazırladığı bildirilir.

İslam dinində qurbağa əti haram sayılırmı? Qurbağa ətinin orqanizmə ziyanı var?

Redaktor.az-a danışan qida eksperti Fərid Səfərov bildirdi ki, qurbağa əti ilə bağlı həm sağlamlıq, həm də dini baxımdan maraqlı fikirlər var. 

"Qurbağa əti aşağı yağlı, yüksək zülallı və vitamin-mineral baxımından zəngin bir qidadır. Tərkibində Omega-3, kalium, fosfor, A və D vitaminləri olur. Asan həzm olunur və bəzi mətbəxlərdə (xüsusilə Çin və Fransız) dəyərli hesab olunur.

Qurbağaların təmiz olmayan suda yaşaması parazit və ya toksin riski yaradır. Əgər düzgün bişirilməzsə və ya vəhşi qurbağalar istifadə olunarsa, salmonella, parazitlər və digər xəstəliklərə yoluxma riski arta bilər".

Ekspert qeyd etdi ki, tədqiqatlara əsasən, bəzi qurbağa növlərinin dərisində zəhərli maddələr ola bilər.

"İslam dinində qurbağa əti haram sayılır. Əksər İslam alimləri qurbağa ətini yeməyi haram hesab edir. Quranda birbaşa qurbağa ətindən bəhs olunmasa da, Peyğəmbərimizin (s.ə.s) bir hədisinə əsasən, qurbağanın öldürülməsi qadağandır. Əgər öldürmək olmazsa, yemək də olmaz. Qurbağa həm də su və quru mühitində yaşayan heyvan olduğu üçün, bəzi alimlər onu “iki həyatlı heyvan” (amfibiyalar) kateqoriyasına daxil edərək haram sayılır", - deyə Fərid Səfərov bildirdi.

Aytəkin TOFİQQIZI