"Borcla, kreditlə, sələmlə qurban kəsmək batildir" - İlahiyyatçı 

 15:38 26.05.2025     439

Qurban bayramı İslam dinində xüsusi mənəvi əhəmiyyətə malik olan, həm ibadət, həm də paylaşma ruhunu əks etdirən müqəddəs günlərdən biridir. Bayram yaxınlaşdıqca insanlar qurban kəsmə hazırlıqlarına başlayır, bəziləri isə bu ibadəti yerinə yetirmək üçün müxtəlif yollar axtarırlar. Son illərdə isə diqqət çəkən məsələlərdən biri də qurban kəsmək məqsədilə müsəlmanların borca girməsidir.
 
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirdi ki, qurban kəsmək imkanı olan, gücü yetən şəxslər üçün vacibdir.

"Kimin imkanı yoxdursa, əksinə, ona qurban əti verilməlidir. Borcla, kreditlə, sələmlə qurban kəsmək batildir və məqbul deyil. Bəzən adını qurban əti qoyub ət satılır. Qurbanın mahiyyətini bilməyən bəzi adamlar da buna inanır. Bu, dələduzluqdur, qurbanlıqda daha çox ət satmaq üçün işbazlar adamları aldadırlar.
Qurban kəsmək öncə Allah rızası üçün olmalıdır. Bəndə Allaha demək istər ki, varım, pulum, malım də sənin yolunda qurbandır. Qurban kəsmək insanın içindəki xəbisliyi, xəsisliyi, tamahkarlığı, acgözlüyü öldürmək üçündür. Kəsir və kasıblara paylayır. Bununla özünə məhəbbət qazanır, sosial ədaləti tarazlamış olur, cəmiyyətdə sosial münasibətləri təzələmiş olur. Qurban bayramında imkanlı adamlar mümkün qədər, imkanları daxilində qurbanlar kəsib qocalar, uşaqlar evlərinə, sığınacaqlara, digər miskin ailələrə yardım etməlidir. Allah mütləq bunun mükafatını hər iki dünyada onlara verəcək, malları, pulları daha da artacaq".

İlahiyyatçının sözlərinə görə, zəkat vermək, qurban kəsmək malın haramını, çirkini təmizləyir, təzələyir, saflaşdırır. 

"Sanki insan qan aldırır və cisminə yeni və daha sağlam qan toplanır. Peyğəmbər buyurur ki, heç kəs qurban kəsəndə, zəkat verəndə, malından kasıblara sədəqə verəndə varının azalacağından narahat olmasın. Əksinə onun malı, varı daha da artacaq, saflaşacaq. Minlərlə xeyir-dua ediləcək ona. Bu dualar da onun təzədən imkan əldə etməsinə vəsilə olacaq. Kasıb, imkansız şəxslərə qurban vacib deyil. Borc alıb qurban kəsmək günahdır. Dinin qaydalarını pozmaqdır. İslamın sosial nizamına xələl gətirməkdir. Hətta xırda heyvanları şərikli alıb kəsmək də doğru deyil. Yalnız böyük başlı heyvanlardan bu mümkündür",- deyə Tural İrfan qeyd etdi.

Xədicə BAXIŞLI