"Bu qaydalara əməl etməyənlərin yeri meşədir, vəhşi təbiətdir" - Sosioloq

"Biz cəmiyyətdə davranış formalarını əksər hallarda əhəmiyyətsiz hesab edirik. Harada necə gəldi davranmağı azadlıq hesab edirik. Ədəbsizlik və azadlıq arasındakı incə səddi əksəriyyətimiz bilmirik".
Bu fikirləri Redaktor.az-a sosioloq Lalə Mehralı ictimai yerlərdə insanların davranış qaydalarından danışarkən bildirdi.
"İnsanlar elə zənn edir ki, azad ölkədə azad vətəndaş olmaq istədiyin yerdə ədəbsiz formada oturmaqdır, küçəyə tüpürməkdir, zibili yerə atmaqdır, ictimai nəqliyyatda uca səslə telefonla danışmaqdır. İnsanlar azadlıqla ədəbsizlik arasındakı fərqi çox təəssüf olsun ki, ayıra bilmirlər. Niyə mən işıqforda dayanmışamsa, yol gedirəmsə, yoldakı hansısa maşının içərisində səsləndirilən dəhşətli musiqi terroruna məruz qalmalıyam? Hamı öz məsuliyyətini, ədəb qaydalarını anlasa, cəmiyyətdə yaşamaq çox rahat olar".
Lalə Mehralı qeyd etdi ki, qulaqcıqla qatar yolunu keçən uşaq buna əyani nümunədir.
"Yolda hərəkət edərkən fərqi yoxdur piyadayıq, sürücüyük, sərnişinik, yol hərəkəti qaydalarının təşkil olunmasının iştirakçısıyıq. Biz iştirakçılardan biri olduğumuzun fərqində olmuruq. Belə səbəblərdən problemlər yaşanır.
Hər dəfə görürük ki, yaşıl işığı gözləmədən yol keçən piyadalara görə nə qədər qəzalar baş verir. Günahı olmayan sürücülər həbsə düşür. Bunların hər biri davranış qaydalarını əksəriyyətimizin bilməməyindən qaynaqlanır. Birgə yaşayış üçün davranış qaydalarına əməl etmiriksə, biz birgə yaşayış üçün fərd deyilik. Bu qaydalara əməl etməyənlərin yeri meşədir, vəhşi təbiətdir", - deyə müsahibimiz vurğuladı.
Aytəkin TOFİQQIZI