Cizgi filmlərindəki bu görüntülər və səslər uşağın narahatlıq səviyyəsini artıra bilər - Psixoloqdan AÇIQLAMA

Müasir dövrdə uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmiş cizgi filmlərində savaş, aqressiya, qorxu hissini yaradan səhnələr daha çox nümayiş etdirilir. Bəs aqressiya, zorakılıq və qorxu elementləri olan cizgi filmləri uşaqlarda hansı davranış dəyişikliklərinə səbəb ola bilər? Valideynlər uşaqların seyr etdiyi cizgi filmlərinin məzmununa nə dərəcədə diqqət yetirməlidirlər və nəyə əsasən seçim etməlidirlər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Pərvanə Musayeva bildirdi ki, müasir cizgi filmləri uşaqların təkcə əyləncə deyil, eyni zamanda psixoloji inkişafında önəmli rol oynayır:
"Xüsusilə zorakılıq, fiziki güc nümayişi və aqressiv davranışlar ehtiva edən süjetlər uşaqların davranışlarına birbaşa təsir edə bilər. Uşaqlar bu personajlara bənzəməyə çalışır və gördüklərini normallaşdırırlar. Məsələn, problemi zorla həll edən bir qəhrəman uşağın gözündə qəhrəmanlıq simvoluna çevrilə bilər. Bu da nəticə etibarilə aqressiv oyunlar, qəzəbli davranışlar və hətta empati çatışmazlığına gətirib çıxara bilər.
Bu tip filmlərdən sonra uşaqlarda bu dəyişikliklər müşahidə oluna bilər: Aqressiv və impulsiv davranışlar, başqalarına qarşı dözümsüzlük və ya fiziki zor tətbiqi, yuxu pozuntuları, kabuslar, qorxu, narahatlıq və tək qalmaq istəməmək, sosial bacarıqlarda geriləmə və empati çatışmazlığı və başqa pozuntular".
Psixoloq qeyd etdi ki, valideynlər izlənilən məzmunun uşağın yaşına və inkişaf səviyyəsinə uyğun olmasına xüsusi diqqət yetirməlidirlər.
"Filmlərdə zorakılıq yox, dostluq, paylaşma və empati kimi dəyərlər ön planda olmalıdır. Ayrıca, seçim zamanı bu meyarlar nəzərə alınmalıdır:
Yaş uyğunluğu: Filmin təqdim etdiyi vizual və emosional məzmun uşağın yaşına uyğun olmalıdır.
Pozitiv mesajlar: Hekayənin sonunda problemin zorla deyil, dialoqla və əməkdaşlıqla həll olunması.
Zərərsiz vizual və səs tərzi: Sürətli görüntülər və kəskin səslər uşağın narahatlıq səviyyəsini artıra bilər.
Birgə izləmə və izah: Valideynin uşaqlarla birgə film izləməsi və sonradan söhbət etməsi uşağın baxdığı məzmunu düzgün anlamağa yardım edir.
Uşaqların ekran qarşısında keçirdikləri vaxt məhdudlaşdırılmalı, alternativ olaraq yaradıcılıq və sosial bacarıqları gücləndirən fəaliyyətlərlə gündəlik zənginləşdirilməlidir. Cizgi filmləri tərbiyə vasitəsinə çevrilə bilər, sadəcə doğru seçilməlidir", - deyə Pərvanə Musayeva vurğuladı.
Xədicə BAXIŞLI