"Bu verilişlər çox ağır fəsadlara səbəb olacaq”

 14:24 30.05.2025     333

“Mən əminəm ki, ölkədə baş verən bir sıra mənfi halların, hətta yeniyetmələr arasındakı qətl və ölümlərin, ailə münaqişələrinin artmasında bəzi ziyanlı televiziya verilişlərinin böyük rolu var. Reytinq yığmaq üçün efirlərdə ailə sirləri açılır, tamaşaçının əhvalını pozacaq şəkildə aqressiya aşılanır, hətta əxlaqa zidd fraqmentlər göstərilir, ümumilikdə üzə çıxarılması uyğun olmayan hadisələr səhnələşdirilir”.

Bunu Redaktor.az-a ilahiyyatçı Tural İrfan deyib. O, bildirib ki, bu verilişlər ümumilikdə xalqımızın obrazını dünyaya mənfi imicdə təqdim edir:

“Mollaların sünni - şiə davası kimi müasir cəmiyyət üçün xarakterik olmayan münaqişələri, ziddiyyətləri davamlı şəkildə əhalinin beyninə yeritmək ailələr, uşaqlar, gənclər üçün çox ciddi təhlükə mənbəyidir. Bəzən sanki efirdə məhkəmə təşkil olunur. Bəyəm ölkəmizin məhkəmələri yoxdur? Efirdə aparıcılar cinayət axtarış funksiyasını icra edir, kiminsə tapılmasını, gətirilməsini təşkil edir. Bəyəm polis yoxdur? Təbii ki, var və öz işini də layiqli şəkildə yerinə yetirir. Bəs efirlər niyə istintaq, məhkəmə məkanına çevrilir? Bu kimi hadisələrin motivləri müəyyən mənada kriminal, dedektiv xarakter daşıdığı üçün cəmiyyəti bu yolla efir önünə sürüməyi hədəf seçirlər. Yəni, millətin abrını çölə tökməklə, irzini xərcləməklə özlərinə reklam, reytinq qazanırlar”.

O, deyib ki, elə şeylər var ki, istintaq sirri, məhkəmə sirri, ailə sirri olduğu üçün onu ictimailəşdirməyin özü qanun pozuntusu hesab olunur:

“Ancaq efirlərdə ağına-bozuna baxmadan, aparıcı hüququ bilmədiyi üçün bütün qanuni sərhədləri keçərək insanların abrını çölə tökür, bilməyən də bilir ki, filankəsin hansı problemi var. Bəzən də adamların ictimai nüfuzuna, şəxsiyyətinə xələl gətirəcək verilişlər təşkil olunur. Hətta adamların şərəf və ləyaqətini alçaldan səhnələr davamlı şəkildə ictimailəşdirilir. Bu həm indi, həm də gələcəkdə çox ağır fəsadlara səbəb olacaq”.

İlahiyyatçı bildirib ki, efirdə təhqir olunan ailələrin uşaqları böyüyəndə o verilişlərə baxıb sarsılacaq, yenidən problem yaşayacaqlar:

“Bəzən də nataraz əxlaqı ilə məşhur olan bəzi müğənniləri çıxarıb xalqa öyüd verdirirlər. Beləcə cəmiyyətdə əxlaqsızlıq, pozğunluq təbliğ edilir. Ağsaqqallar, ziyalıları, alimləri efirdə görmək mümkün deyil. Ədəb, əxlaq, mədəniyyət, kulturologiya, etika sahəsində verilişlər artırılmalıdır. Elə üzdəniraq verilişlər var ki, ata övladı ilə birlikdə ona baxmağı mümkün deyil. Yaxud ana qızı ilə oturub baxması mümkün deyil. Əxlaqsızlığı, pozğunluğu bu qədər təbliğ etmək, cəmiyyətə aşılamaq həddən artıq mənfi nəticələrə gətirib çıxaracaq. Nə dinimizə hörmət qoyurlar, nə milli mentalitetimizə, nə əxlaq normalarına. Sərhədsiz verilişlər əhalinin əxlaqına, psixologiyasına, yaşamına çox mənfi təsir göstərir”.

T.İrfanın sözlərinə görə, bu cür verilişlər bağlanmalı, əvəzinə elmi, əxlaqi, mədəni proqramlar təşkil olunmalıdır:

“İnsanlara zəhər yox, mənəvi qida vermək lazımdır. Hazırki verilişlərin çoxu camaatı mənəvi, əxlaqi cəhətdən zəhərləyir. Dünyanın, kainatın sirlərindən bljs edən bircə kanal yoxdur. Yalnız bayağı, düşük, səviyyəsiz, əttökən, ucuz verilişlər baş alıb gedir. Bununla bağlı ciddi işlər görülməlidir. Bu qədər özbaşınalıq olmaz bu sahədə. Xalqımızın milli kimliyinə, mənəvi dəyərlərinə, mədəni irsinə əsaslanan, cəmiyyətə töhfə, mənəvi qida bəxş edəcək verilişlər, proqramlar olmalıdır”.

Vasif ƏLİHÜSEYN