"Çinin bölgədə artan gücü ABŞ-nin  maraqlarına ziddir"

 19:06 01.06.2025     238

"Pentaqon rəhbəri Piter Hegsetin Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda Çin əleyhinə səsləndirdiyi fikirlər Pekinin ciddi narazılığına səbəb olub. Çin Xarici İşlər Nazirliyi ABŞ müdafiə nazirinin çıxışına belə reaksiya verib: “ABŞ Asiya-Sakit Okean regionunu silahlarla dolduraraq buranı “barıt çəlləyinə” çevirib”. Pekin “barıt çəlləyi” deyərkən, ABŞ-ın bölgədəki müttəfiqlərini hərbi texnika ilə təhsiz etməsini nəzərdə tutub".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Vaşinqton Çini Asiya və Sakit Okean bölgəsi üçün əsas təhdid kimi qiymətləndirərkən, Pekin tərsini iddia edərək məhz ABŞ-nin siyasətini bölgə üçün əsas təhlükə kimi qiymətləndirib:

"Pekin Vaşinqtonun regional siyasətini pozuculuq kimi dəyərləndirib. Pekin ABŞ-nin Asiya və Sakit Okean bölgəsində hegemonluğunu qorumaq məqsədilə Cənubi Çin dənizində hücum xarakterli silahlar yerləşdirdiyini iddia edib. Halbuki, Vaşinqton tam tərsini bildirir və məhz Çinin Cənubi Çin dənizi ətrafında hərbi gücünü artırdığını və Tayvan adasını hərbi yolla ələ keçirməyə çalışdığını vurğulayır.

Bundan bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp da Pekinin siyasətindən məyusluğunu bildirib. Ağ Ev sahibi Pekinin ABŞ ilə bağlanmış ticarət sazişini pozduğunu iddia edib. Tramp sosial şəbəkədə bunları yazıb: “Tətbiq etdiyim yüksək rüsumlar səbəbindən Çin ciddi iqtisadi təhlükə ilə üz-üzə qalmışdı. Çinin ABŞ bazarında ticarətini praktiki olaraq qeyri-mümkün etmişdi. Biz Çin ilə soyuq müharibəyə girdik, bu, Pekin üçün dağıdıcı oldu. Daha sonra Çinin iqtisadiyyatını xilas etmək üçün mən Çin ilə ticarət müqaviləsi bağladım. Lakin Pekin ABŞ qarşısında götürdüyü öhdəlikləri pozdu”. Halbuki, tərəflər danışıqlar nəticəsində tarifləri qarşılıqlı olaraq azaltmağa qərar vermişdilər.

Beləliklə, iki ölkə arasında qarşılıqlı ittihamların sayı yenə artıb. Başqa cür olması da çətindir. Çinin bölgədə artan gücü ABŞ-nin  maraqlarına ziddir. Vaşinqtonla yanaşı ABŞ-nin  Asiya və Sakit Okean bölgəsindəki müttəfiqləri də Çinin planlarından narahatdırlar. Bu səbəbdən Vaşintonla Pekin arasında müxtəlif məsələlərlə bağlı ortaq məxrəcə gəlmək çətindir".

Vasif ƏLİHÜSEYN