Dənizkənarı Milli Parkda uşaqların bayramı ilə bağlı təntənəli tədbir keçirildi

 22:25 01.06.2025     308

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkdakı "Dinamo" meydançasında uşaqların bayramı ilə bağlı təntənəli tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, “Mədəniyyət səninlə tanınır!” şüarı ilə gerçəkləşən festivalda tanınmış müğənni və aşıqların, eləcə də 2023-cü ildə təşkil olunmuş ilk Uşaq İncəsənət Festivalı qaliblərinin rəngarəng çıxışları bütün iştirakçılara, xüsusilə də, bu əlamətdar günün səbəbkarlarına unudulmaz anlar yaşadıb.

Faiq Ağayev, Gülyaz Məmmədova, Ramil Qasımov, Manana, İlhamə Qasımova, Şəhriyar İmanov, Azad Şabanov, Samirə Əfəndi, Aşıq Samirə kimi incəsənət ustaları ifaları ilə uşaqların könlünü oxşayıblar.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı, Dağlıq Şirvan, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şərqi Zəngəzur, Mərkəzi Aran, Şirvan-Salyan, Mil-Muğan, Lənkəran-Astara, Qarabağ bölgələri də xüsusi stendləri ilə festivala öz töhfələrini veriblər.

Festival ərazisində qurulmuş xüsusi interaktiv zonalar, zəka və əyləncə guşələri, yaradıcı emalatxanalar və əl işlərinin təqdimat stendləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Gün boyunca davam edən musiqi, rəqs, səhnəciklər və təsviri sənət nümunələri uşaq dünyasının rənglərini əsl sənət tablosuna çevirib.