"Oğlan övladına üstünlük vermək cəmiyyət üçün ciddi sosial problemlərə yol aça bilər" - Lalə Mehralı

Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətində balanssızlıq müşahidə olunur. Belə ki, hər 100 qıza 113 oğlan düşür. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üçün açıqladığı məlumatda qeyd edilib.
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Redaktor.az-a fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu hal Azərbaycan cəmiyyəti üçün hər zaman xarakterik olub:
“Belə balanssızlıq hər zaman mövcud olub. Həmişə oğlan uşaqları qız uşaqlarından daha çox doğulub”.
Sosioloq bu vəziyyətin əsas səbəblərini də açıqlayıb:
“Bunun kökündə selektiv abortlar, süni mayalanma zamanı cinsin əvvəlcədən müəyyən edilməsi və xüsusilə ailələrdə – daha çox böyüklər arasında oğlan övladına olan xüsusi rəğbət dayanır. Məhz bu səbəbdəndir ki, Azərbaycan həm ümumi abort, həm də selektiv abort göstəricilərinə görə dünya üzrə ön sıralarda yer alır”.
Lalə Mehralının fikrincə, bu yanaşma ictimai şüurda dəyişiklik yaratmalı, insanlar bu cür davranışın həm cəmiyyətə, həm də birbaşa öz ailələrinə zərər verdiyini dərk etməlidirlər:
“Qız uşaqlarını abort etdirmək və oğlan övladına üstünlük vermək cəmiyyət üçün ciddi sosial problemlərə yol aça bilər. Bu problemlərin ilkin əlamətləri artıq bu gündən hiss olunmaqdadır.Valideynlər, xüsusilə yalnız bir övlad sahibi olmaq istəyənlər, adətən oğlan uşağı arzusunda olurlar. Bunun əsas səbəbi isə nəsil davamçısı fikridir. Elə bunun nəticəsidir ki, hazırda bağçalarda və məktəblərdə oğlan uşaqlarının sayı qız uşaqlarının sayını xeyli üstələyir. Bu isə gələcəkdə ailə qurmaq imkanlarının azalmasına səbəb ola bilər”.
Lalə Mehralı bildirdi ki, belə hallarda valideynlər yalnız bu günü deyil, sabahı da düşünməlidirlər:
“Sən övladını evləndirmək istəyəndə, qız uşağı tapmayanda və bu oğlan uşaqlarının doğulmasında bilavasitə rolu olan qadınlar olmadıqda, nə edəcəksən? Bir sözlə, qız uşaqları da oğlan uşaqları qədər cəmiyyət üçün eyni dərəcədə əhəmiyyətlidir”, - deyə müsahibimiz vurğulayıb.
Nigar İLYASQIZI