"Bilərəkdən qıtlıq yaradılıb, yüksək qiymət qoyulur" - AÇIQLAMA

 16:36 02.06.2025     1396

Bazarlarda bir çox kənd təsərrüfatı məhsulunun qiyməti ötən ayla müqayisədə aşağı düşüb. Amma təcrübə göstərir ki, ucuzlaşma davamlı olmur. Hətta havaların getdikcə istiləşməsinə baxmayaraq, qiymətlər yenidən qalxa bilir.

Bəs qiymət ucuzlaşması nə ilə əlaqəlidir?

Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirdi ki, bazarda satışa çıxarılan məhsulların qiyməti gündəlik, həftəlik belə dəyişə bilər.

"Kənd təsərrüfatında məhsul qiymətlərinin dəyişməsinin bir çox səbəbləri var. Tələb və təklif, iqlim şəraiti, daşınma ilə bağlı, saxlanma anbarlarının məhdud olması və digər səbəblər var. Bu sektorda müəyyən meyvə-tərəvəz məhsulları var ki, istixana şəraitində yetişdirilir, mövsümi olmadığı üçün də satışı bahadır. Bununla belə, artıq bəzi məhsulun yığımları da olduğu üçün qiymət tənzimlənir.

Tələb-təklif amili də var. Lakin bu, alıcı bolluğundan qaynaqlanan iqtisadi faktor deyil. Artıq məktəblər bağlanır, əhalinin əksər hissəsi rayon-kəndlərə üz tutur. Bununla belə, rayonlarda da yeni məhsul yığımı var. Bəzi məhsullar var ki, çox saxlamaq olmur, tez xarab olan məhsuldur. Satıcı onu gün sonuna kimi dəyərindən də ucuz satır".

İqtisadçı qeyd etdi ki, bu gün bazarda ucuzluq varsa, bu, bütün məhsullara aid deyil.

"Satıcı kartofu 5 gün saxlaya bilər, amma tutu və ya hər hansısa göy məhsulunu gün sonuna kimi satmalıdır. Ucuzlaşmaya gəldikdə isə, yenə qeyd edim ki, bu bəzi məhsullarda var. Bazarda moruq, böyürtkən, şaftalı, əriyin qiyməti həmişə baha olub, ucuz olanlar isə gavalı, üzüm, alma növləri, əncir, tut bu kimi meyvələr olub.

Bazarda spekulyativ davranış, iqlim şəraitinə görə qiymətlər dəyişə bilər. Bazarda qiymətə təsir edən faktorlar arasında spekulyativ davranış da mühüm rol oynayır. Belə ki, bilərəkdən qıtlıq yaradılıb, yüksək qiymət qoyulur.

Ümumiyyətlə, bu sektorda dəyişikliyə ehtiyac var. Kəndli malını istədiyi yerdə sata bilməlidir. Nümunə olaraq, Türkiyədə vətəndaş fiziki şəxs kimi VÖEN hesabı açır, elektron tərəzisi var, hətta bəzilərinin kartla ödəmək üçün post cihazı var, qanunla qadağan olmayan yerlərdə məhsul satışı həyata keçirə bilir. Sənədlərinin yoxlanışı isə bələdiyyə məmurları həyata keçirilir. Bizdə də məhlə arasında satış var, lakin qeyri-qanuni olduğu üçün maneələr var". - deyə G.Hüseynova bildridi.

Aytəkin TOFİQQIZI