"Ünvanlı sosial yardımın verilməsinin qaydası yumşaldılsın" - TƏKLİF

Deputat Zahid Oruc ötən gün keçirilən Milli Məclisin növbədənkənar sessiyasında çıxışı zamanı təklif edib ki, Azərbaycanda sərhədyanı kəndlərə Böyük Qayıdışı təmin etmək üçün elektirik və qaz tariflərini 3 dəfə azaltmaq lazımdır.
Qeyd edək ki, millət vəkilinin bu təklifi sosial şəbəkə üzvləri tərəfindən dəstək tapıb.
Redaktor.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli isə hesab edir ki, bu cür təkliflərin heç bir ciddi xeyri olmayacaq:
"Zahid bəy deputatdır, deputatlar fikir səsləndirə bilərlər. Sərhədyanı rayonlarda yaşamağın əlverişliliyini təmin etmək üçün quru sərhədləri açılmalıdır ki, insanlar ən azı sərhədyanı ərazilərdə yaşamağın üstünlüklərini görsünlər. Bu, ilk məsələdir. İkinci məsələ qonşularla münasibətdir. Qonşularla münasibət yaxşı olmalıdır, Ermənistanla sülh də burada vacib rol oynayır. Ticarət olmalıdır ki, insanlar həvəsli olsunlar. Ölkədə təkcə sərhədyanı ərazilərin problemi yoxdur, ölkənin mərkəzində olan Zərdabda, Ağdaşda, Kürdəmirdə problemlər yoxdur ki? Bu problem ümumi regionların problemidir".
İqtisadçı qeyd etdi ki, regionların problemlərini kommunal güzəştlər həll etməyəcək.
"Belə güzəştlərin verilməsi səmərəsizliyə gətirir. Ölkənin də problemi sərhədyanı ərazilərin problemi deyil. Ölkənin problemi qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Qeyri-neft sektoru inkişaf etdirilsə, bu problemlərin hamısı həll olunacaq. Bu formada təkliflər səmərəsizliyə gətirəcək, real deyil. Deputat Zahid Oruc hökumətlə əlaqəli işlərdə işləsə də, hökumət tərəfindən də bu məsələlər effektiv qəbul edilməyəcək. Çünki bu güzəştlər mərhələsini ölkə artıq keçib. Ölkə sosial yardımla bağlı məsələləri düşünür. Sərhədyanı bölgənin kasıbı ilə onun qonşu rayonundakı kasıbın dərdi eynidir. Mən təklif edərdim ki, ünvanlı sosial yardımın verilməsinin qaydası yumşaldılsın. Məbləğ artırılsın. Bunun üçün minimum istehlak səbətinin strukturu dəyişilsin ki, insanların yaşayış minimumu daha yüksək olsun və ünvanlı sosial yardım da daha çox çıxsın. Kasıb insanlara da yardım edək", - deyə X.Kərimli bildirdi.
Aytəkin TOFİQQIZI